Sayt xəritəsi

XƏBƏRLƏR

AZƏRBAYCAN ELMİNİN FƏDAKAR SƏFİRİ!

18.03.2015

 

Naxçıvan Dövlət Universitetində Əməkdar elm xadimi, böyük ziyalı, tənqidçi, görkəmli ədəbiyyatşünas, tərcüməçi “Əziz Şərif-120: Azərbaycan elminin fədakar səfiri!”  mövzusuna həsr olunmuş elmi konfrans keçirilib.

Elmi konfransda çıxış edən, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2015-ci il yanvarın 26-da imzaladığı Sərəncamın muxtar respublikada digər sahələrlə yanaşı, elmə, təhsilə, ədəbiyyata, mədəniyyətə göstərilən qayğının bariz nümunəsi olduğunu nəzərə çatdırıb.

“Əziz Şərifin həyatı və yaradıcılıq yolu” mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov bildirib ki, Azərbaycanın əsas elm və mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində dünyaya gələn Əziz Şərif burada məşhur maarifçi Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi “Tərbiyə” məktəbində təhsil alıb. Məruzəçi bildirib ki, Əziz Şərifin 1905-ci ildə Tiflisə gedərək atası Qurbanəli Şərifzadənin yaxın dostu və məsləkdaşı Cəlil Məmmədquluzadənin ailəsi ilə yaşaması onun gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb edib və həmin illər Əziz Şərifin elmi fəaliyyətində mühüm rol oynayıb. Natiq, XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında, ədəbiyyatımızın və elmimizin dünyada təbliği və tanıdılmasında ustad alimin müstəsna xidmətlərindən danışıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılovanın “Azərbaycan memuar ədəbiyyatında Əziz Şərif imzası” mövzusundakı məruzəsi dinlənilib. Qeyd olunub ki, ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunan "Naxçıvandan məktublar"ı ilə başlayan, görkəmli alim Əziz Şərifin “Keçmiş günlərdən” seriyasına daxil olan həcmcə ən böyük memuarı “Atam və mən” adlanır. Əziz Şərifin Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etdiyi, onlara ön söz, müqəddimə və şərhlər yazdığı bildirilib. Məruzəçi qeyd edib ki, - “Moskva Dövlət Universitetinin kafedra müdiri vəzifəsində çalışan professor Əziz Şərif Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində dərs deməklə, bu beynəlxalq statusa malik universitetdə təhsil alan əlliyə yaxın ölkənin nümayəndələri arasında da ədəbiyyatımızın təbliği işinə xidmət edirdi. Beləliklə, professor Əziz Şərif Rusiyada Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin fədakar səfiri olmaq vəzifəsini yarım əsrdən çox yerinə yetirib”.

“Akademik İsa Həbibbəyli doğru olaraq göstərir ki, Əziz Şərif öz tədqiqatları ilə Azərbaycanda Mollanəsrəddinşünaslığı müstəqil bir elm səviyyəsinə yüksəltdi. Bununla belə bugün Əziz Şərifin tədqiqatlarına istinadən Mollanəsrəddinşünaslıqda yeni elmi uğurların əldə edilməsi tamamilə məntiqi və qanunauyğundur”- bu fikirləri elmi konfransda filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli “Mirzəcəlilşünaslıqda Əziz Şərif tapıntıları” mövzusundakı məruzəsində səsləndirib. Əziz Şərifin ömürünün bütöv bir əsrin əsəri olduğunu vurğulayan natiq, professor Əziz Şərifin Cəlil Məmmədquluzadənin Molla Nəsrəddin jurnalına qədərki həyatını bir çox arxiv materialları, həmçinin o dövrdə yaşamış insanların xatirələri əsasında ardıcıl olaraq öyrəndiyini və Mirzəcəlilşünaslığa ciddi, sanballı uğurlar qazandırdığını bildirib.