Sayt xəritəsi

XƏBƏRLƏR

NÖVBƏTİ PEDAQOJİ TƏCRÜBƏYƏ START VERİLİB

29.03.2015

 

Naxçıvan Dövlət Universitetində 2014-2015-ci tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Naxçıvan Muxtar Respublikasının  təhsil naziri  və nazirlik əməkdaşlarının, təcrübəçi tələbələrin və müəllimlərin birgə iştirak etdiyi konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açıb. Qeyd olunub ki, hər bir tələbənin gələcəyin yüksək intellektli müəllimi, mütəxəssisi kimi  formalaşmasında,  ali təhsil  müddətində  qazanılan nəzəri  bilikləri    təcrübədə möhkəmləndirməsində,  pedaqoji proseslərin bilavasitə iştirakçısı olmasında və peşə  vərdişlərinə  yiyələnmələrində pedaqoji təcrübənin mühüm rolu var.

Universitetin tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rafiq Rəhimov “Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər” adlı məruzəsində məlumat verib ki, 2014 -2015-ci tədris ilinin ikinci semestrində Naxçıvan Dövlət Universitetinin pedaqoji profilli ixtisaslarda təhsil alan 563 nəfər III-IV kurs tələbəsi Xanım qızlar məktəbi, Babək rayonunun Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəbləri də daxil olmaqla muxtar respublikanın 17 tam orta  məktəbində təcrübədə olacaqlar. Tədris şöbəsinin müdiri pedaqoji təcrübə zamanı dərslərin Boloniya sisteminin tələblərinə uyğun şəkildə, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçirilməsinin, tərbiyəvi tədbirlərin təşkilinin əhəmiyyətindən, təcrübəçi tələbələrin, metodistlərin, məktəb müdiriyyətinin üzərinə düşən vəzifələrdən, sənədləşmə işlərindən bəhs edib.

Sonra Bədən tərbiyəsi və idman kafedrasının müdiri Həsən Babayev “Metodistlərin təcrübə dövründə yerinə yetirəcəyi işlər”, psixologiya üzrə fəlsəfə doktoru Salatın Hacıyeva “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər” mövzusunda məruzələr edərək konfrans iştirakçılarını pedaqoji təcrübənin sonunda təhvil veriləcək sənədlər, qiymətləndirmə meyarı, açıq dərslərin təşkili barədə məlumatlandırıblar.                

Naxçıvan Muxtar Respublikasının  təhsil naziri Piri Nağıyev konfransa yekun vuraraq Azərbaycanda aparılan təhsil islahatlarının uğurlarından, muxtar respublikada təhsilin inkişaf səviyyəsindən danışıb.  Nazir bu sahəyə göstərilən dövlət qayğısından bəhs edərək vurğulayıb ki, 2014-cü ildə regionda 19 orta məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Bu gün muxtar respublikanın tam orta məktəblərində 600-ə yaxın elektron lövhə, 3700 kompüter şagirdlərin istifadəsinə verilib. Naxçıvan Dövlət Universitetində təhsilin keyfiyyətinə və yarıdılan şəraitə görədir ki, ötən il 500-700 intervalında bal toplayan 347 abituriyentimizdən 156 nəfəri məhz təhsil almaq üçün bu ali məktəbi seçmişlər. Piri Nağıyev ali və orta ixtisas təhsili müəssisələrinin birgə fəaliyyətlərinin tədrisin və təhsilin yüksək səviyyədə qurulmasında mühüm rol oynadığını, təcrübəçi tələbələrin pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərini yaxşı mənimsəmələri üçün muxtar respublikanın tam orta məktəblərində hər cür şərait yaradıldığını bildirib.       

Konfransda ötən tədris ilindəki pedaqoji təcrübəni əks etdirən slaydlar, nümunəvi icmallar nümayiş olunub.