Sayt xəritəsi

XƏBƏRLƏR

PROFESSOR İBRAHİM MOLLAYEVİN ANADAN OLMASİNİN 85 İLLİYİNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLİB

01.04.2015

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan pedaqoji fikrinin görkəmli tədqiqatçısı, 30 ilə yaxın Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasına rəhbərlik etmiş professor İbrahim Mollayevin anadan olmasının 85 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığını ilk dəfə tədqiq edən professor İbrahim Mollayevin həyatı və yaradıcılığını əks etdirən video çarx nümayiş olunub.

Universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Razayev konfransda giriş sözü ilə çıxış edərək vurğulayıb ki, elmi və pedaqoji fəaliyyətinin zəngin və məhsuldar dövrü Naxçıvan Dövlət Universiteti ilə bağlı olan professor İbrahim Mollayevin anadan olmasının bu il 85 ili tamam olur. Natiq, elmi yaradıcılığı nümunəvi, peşəkar pedaqoq fəaliyyətilə müasirləri üçün örnək sayıla bilən professor İbrahim Mollayevin hərtərəfli və geniş yaradıcılıq imkanlarına malik tədqiqatçı kimi pedaqogika elminin müxtəlif sahələrinə nüfuz edən alimlərdən olduğunu bildirib. Professorun Azərbaycan və Rus mətbuatında çoxlu sayda məqalələrinin, elmi-pedaqoji oçerklərinin işıq üzü gördüyü qeyd olunub.

Konfransda çıxış edən, universitetin Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Vahid Rzayev professor İbrahim Mollayevin həyatı və yaradıcılıq yolundan, universitetin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev professor İbrahim Mollayevin tanınmış pedaqoq-müəllim və şəxsiyyət olmasından, Naxçıvan Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyev müəllimi olmuş, professor İbrahim Mollayevin Naxçıvan pedaqoji elminin yaranması və inkişafındakı rolundan, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Əməkdar elm xadimi, professor Oruc Həsənli İbrahim Mollayevin Naxçıvan pedaqoji mühitindəki rolundan, Rus dili və ədəbiyyatı kafedrasının baş müəllimi, qocaman pedaqoq Əkbər Süleymanov İbrahim Mollayevin yaxşı dost, gözəl insani keyfiyyətlərə malik şəxsiyyət olduğunu, Pedaqoji fakültənin dekanı, dosent İbrahim Rüstəmov professor İbrahim Mollayevin Naxçıvan Dövlət Universitetinə şöhrət və nüfuz gətirən alim, ustad, pedaqoq olmasından bəhs ediblər. Vurğulanıb ki, İbrahim Mollayev “Şərq qapısı” və digər dövrü mətbuat orqanlarında Muxtar Respublikanın pedaqoji mühitindəki yeniliklərdən bəhs etmiş, təcrübi-pedaqoji məsələlərdən danışmış, doğma diyarın təhsil tarixi və pedaqoji fikrinə aid araşdırmalar aparmışdı. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışarkən, Rus dilindəki verilişlər redaksiyasında redaktor işləmişdir. Bildirilib ki, professor İbrahim Mollayev pedaqoji fikir tariximizdə elmi məktəb yaradıcısı kimi tanınmış professor Əhməd Seyidovun rəhbərliyi ilə “M.Tağı Sidqinin pedaqoji fəaliyyəti və pedaqoji görüşləri” mövzusunda dissertasiya üzərində işləmişdir.1970-ci ildə elmi-tədqiqat işi tamamlanmış, bununla da pedaqoji fikir tariximizə aid uğurlu işlərdən biri kimi şöhrət qazanmış, müəllifə isə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. İbrahim Mollayev 1985-ci ildə “XII- XVI əsrlərdə Azərbaycanda məktəb və pedaqoji fikir” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, ilk dəfə  olaraq Əfzələddin Xəqani, İmaddin Nəsimi, Marağayi Əhvədi, Şah Qasım Ənvar, Nəsrəddin Tusi, Şah İsmayıl Xətai kimi mütəffəkirlərin ədəbi və fəlsəfi yaradıcılığında təlim-tərbiyə məsələlərini araşdırma obyektinə çevirmiş, onların yaradıcılığındakı pedaqoji motivlərlə bağlı dərin və bugün üçün də çox əhəmiyyətli ola biləcək pedaqoji fikir və mülahizələri seçib üzə çıxara bilmişdir. Qeyd olunub ki, İbrahim Mollayev dissertasiya tədqiqatlarından əlavə pedaqoji fikrimizin müxtəlif məsələlərinə aid çoxlu sayda məqalələr, tezislər işləyib hazırlamışdır. Onun “Eynalı Sultanovun həyatı və bədii yaradıcılığı”, “Hüseyn Cavid yaradıcılığında təlim-tərbiyə məsələləri”, “M.Tağı Sidqi və XIX əsr Azərbaycan maarifi” və s. bu kimi məqalələri pedaqoji mühitin diqqətini və rəğbətini qazanmış elmi məqalələrdir.

Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən pedaqoqun qızı Nərminə Mollayeva atasının təkcə gözəl pedaqoq kimi yox, çox səmimi, qayğıkeş və təvazökar insan, gözəl ailə başçısı, mehriban ata kimi də onu tanıyanların qəlbində daim yaşayacağını bildirib.

Sonda professor İbrahim Mollayevin nəvəsi Fəhmidə Mollayeva babasının ən çox sevdiyi “Lalə” şeirini bədii qiraət edib.