Sayt xəritəsi

XƏBƏRLƏR

ƏRZURUMLU QONAQLAR NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ

02.04.2015

 

Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi 23 nəfərlik nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq Azərbaycan və Türkiyə arasındakı dostluq və birliyin təməlindən, bugünkü inkişafından danışıb. Rektor universitetinin tarixi, strukturu haqqında məlumat verərək qeyd edib ki, dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan universitetləri ilə elmi əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Bu əlaqələrin təməli 1992-ci ildə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub. Tibb fakültəsinin və baytarlıq ixtisası tələbələri müxtəlif vaxtlarda bu ali təhsil müəssisəsində təcrübədə olublar, müştərək konfranslar keçirilib. Təsadüfi deyil ki, 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə universitetlərarası elmi-mədəni əlaqələrin inkişafı sahəsindəki xidmətlərinə görə Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak Naxçıvan Dövlət Universitetinin fəxri doktoru seçilib. Rektor vurğulayıb ki,  2011 və 2012-ci ildə yenilənən universitetlərarası əməkdaşlıq müqaviləsi bundan sonra da elm və təhsilin inkişafı istiqamətində öz bəhrələrini verəcək.            

Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin birlik, dostluq və sədaqət ideyalarının əzmlə davam etdirilməsinin  zəruriliyindən bəhs edib. Rektor qeyd edib ki, universitetin beynəlxalq əlaqələrində Azərbaycan ali məktəblərinin özünəməxsus yeri vardır. Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın inkişaf etdirilməsi bundan sonra da  diqqət mərkəzində olacaq.

Ərzurum Atatürk Universitetinin prorektoru Mehmet Takkaç universitet haqqında ətraflı məlumat verərək 20 fakültə, 7 institut və 10-a yaxın yüksək məslək okulunun fəaliyyət göstərdiyi universitetdə on minlərlə tələbənin ali təhsil aldığını diqqətə çatdırıb. Türkiyə Cümhuriyyətinin başçısı Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1957-ci ildən fəaliyyətə başlayan bu ali məktəb elm, təhsil sahəsində böyük nailiyyətlər əldə edib.               

Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid, tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, elmi işlər üzrə prorektor, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev universitetin dünya təhsil sisteminə inteqrasiyasından, elmi nailiyyətlərindən danışıblar.       

Atatürk Universiteti Tibb Fakültəsi Araşdırma Xəstəxanasının baş həkimi, professor Necip Becit 2000-ə yaxın tibbi personalın xidmət göstərdiyi 1400 çarpayılıq xəstəxanada yaradılan şəraitdən, burada aparılan müasir tibbi-diaqnostik müayinələrdən, sümük iliyi, orqan transplantasiyası mərkəzlərinin fəaliyyətindən danışıb. Görüşdə iştirak edən digər tibb mütəxəssisləri Ərzurum Atatürk Universitetində tibb təhsilinin səviyyəsindən,  universitet xəstəxanasındakı səhiyyə xidmətindən bəhs ediblər. İncəsənət fakültəsinin dekanı, professor Mehmed Kavukçu,  filologiya fakültəsini dekanı, professor Dilavər Düzgün,   Mühəndislik fakültəsinin dekanı, professor Yaşar Totikin də iştirak etdiyi görüşdə elm və tədris sahəsində, o cümlədən tibb, baytarlıq, incəsənət, memarlıq sahələrində universitetlərarası əməkdaşlıq məsələləri müzakirə olunub.     Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Türkiyəli qonaqlar universitet ərazisini gəzib İnformasiya-kommunikasiya texnologiyaları Mərkəzinin, rəqəmsal formatda yayımlanan universitet televiziyasının və “Nuhçıxan” radiosunun, mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olublar. Müxtəlif fakültələrdəki tədris prosesi, fənn kabinələri və laboratoriyaların təşkili ilə tanışlıq da maraq doğurub.