Sayt xəritəsi

XƏBƏRLƏR

AZƏRBAYCAN DİLÇİLİK ELMİNƏ İKİ LAYİQLİ TÖHFƏ

08.04.2015

 

Naxçıvan Dövlət Universitetində universitetin II kurs magistrantı İlkin Əsgərin “Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər” və “Cümlə tədrisinin aktual problemləri” adlı kitablarının təqdimat mərasimi keçirilib.

 Tədbiri giriş sözü ilə açan NDU-nun magistratura üzrə dekanı, dosent Etibar Məmmədov Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Laçın rayonunda, ziyalı ailəsində dünyaya göz açan Naxçıvan Dövlət Universitetinin II kurs magistrantı İlkin Əsgərin savadlı, bacarıqlı, geniş dünyagörüşünə malik gənc kimi 3 kitabın, 10-dan artıq elmi və publisistik məqalələrin müəllifi olduğunu bildirib. Ölkənin müxtəlif ali təhsil müəssisələrində keçirilən beynəlxalq əhəmiyyətli konfranslarda iştirak edərək fəxri fərmanlarla təltif olunan  İlkin Əsgərin əməyinin bəhrəsi olan hər iki kitab universitet tələbələri və müəllimlər üçün layiqli töhfədir. Əsərlərin elmi mənbələrə istinadən yazıldığı qeyd olunub.

Fənlərin tədrisi metodikası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Quliyeva kitablar haqqında ətraflı məlumat verərək bildirib ki, biri monoqrafiya, digəri dərs vəsaiti olmaqla hər iki nəşr “Elm və təhsil” nəşriyyatında çap olunub. Bildirilib ki, “Cümlə tədrisinin aktual problemləri” adlı dərs vəsaiti Azərbaycan dilinin tədrisi metodikası ilə əlaqədar olub, əsasən cümlə sintaksisindən bəhs edir. Vurğulanıb ki, “Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər” adlı kitab-monoqrafiyanın elmi redaktoru, filologiya elmləri doktoru, professor Fikrət Xalıqovdur. Kitabda müasir Azərbaycan dilində söz yaradıcılığında iştirak edən qeyri-məhsuldar şəkilçilərdən bəhs olunub, ümumilikdə 430-dan artıq qeyri-məhsuldar şəkilçilərin omonimliyi, sinonimliyi, antonimliyi, söz daxilində işlənmə məqamı, onların mənşəyi göstərilib, yaratdığı semantik çalarlar praktik nümunələr üzərində çap olunub. Mehriban Quliyeva bildirib ki, :- “ Monoqrafiya mövzuya dair aparılmış tədqiqatlardan bir sıra yenilik və üstünlükləri ilə diqqəti cəlb edir. Məsələn, müasir Azərbaycan dilində az tədqiq olunmuş “söz-şəkilçilər” ilk dəfə olaraq sistemli və geniş şəkildə izah və tədqiq olunmuş, müvafiq cədvəldə konkret nümunələr verilmişdir. Eyni zamanda dialekt və şivələrimizdə işlənən, söz yaradıcılığı prosesində iştirak edən qeyri-məhsuldar şəkilçilər də linqvistik təhlil müstəvisinə cəlb olunmuşdur. İlkin Əsgərin “Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər” monoqrafiyası dilimizdə kəmiyyət və keyfiyyət etibarilə qeyri-məhsuldar şəkilçilərdən bəhs edən sanballı və sistemli tədqiqat əsəridir”.

Müəllifin hər iki kitabına rəy yazan, fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Elbəyi Maqsudov yeni nəşrlər barədə danışaraq bildirib ki:- “İlkin Əsgər böyük filoloqların və alimlərin görə biləcəyi bir işi layiqincə yerinə yetirib”.

Təqdimat mərasimində filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyevanın, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarovun, İbtidai təhsilin metodikası və metodologiyası ixtisası üzrə I kurs magistrant Gülxanım Orucovanın, Tarix-filologiya fakültəsinin IV kurs tələbəsi Zeynəb Quliyevanın, Xanəgah Abidə Kompleksinin direktoru Kamal Həsənovun kitablar haqqında ətraflı məlumatları dinlənilib və təkliflər səsləndiriblər.

Sonda müəllif kitabların araya-ərsəyə gəlməsində, təqdimat mərasiminin təşkilində əməyi keçənlərə minnətdarlıq edib.