Sayt xəritəsi

XƏBƏRLƏR

TANINMIŞ TENORDAN NÖVBƏTİ USTAD DƏRSİ

14.04.2015


Tanınmış tenor, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov Naxçıvan Dövlət Universitetində ali məktəbin İncəsənət fakültəsinin solo oxuma ixtisası tələbələri üçün növbəti ustad dərsi keçib.

Dərsdən öncə universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Mübariz Əsgərov tanınmış tenor Samir Cəfərovun yaradıcılığı, səhnə fəaliyyəti, Naxçıvanda vokal məktəbinin formalaşmasındakı xidmətlərindən danışıb. Qeyd olunub ki, 2002-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Moskva şəhərindəki Qalina Vişnevskaya adına Opera Mərkəzində təhsil alan, eyni zamanda, İtaliya musiqi məktəbindən də bəhrələnən, bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edən Samir Cəfərov C.Verdinin “Traviata” operasında Alfred, “Riqoletto” operasında Duka, Ü.Hacıbəylinin “Koroğlu” operasında Koroğlu rollarını böyük ustalıqla oynayıb. Hazırda Opera və Balet Teatrında işləməklə yanaşı vokal sənətini uğurla tədris edir.                            

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək zəngin və çox qədim  Azərbaycan incəsənətin gənclərin əxlaqi-mənəvi tərbiyəsindəki rolundan, müasir vokal sənətinin, milli operanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb.  Rektor tanınmış sənətkarın yaradıcılığını yüksək qiymətləndirərək universitetdə artıq ənənə halı alan belə ustad dərslərinin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Xalq artisti Samir Cəfərov çıxış edərək universitetdə musiqinin tədrisi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, gənc istedadların üzə çıxarılmasında, istiqamətləndirilməsində, onlara peşəkarlığın sirlərinin öyrədilməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.       

Sonra tələbələrdən Bəsti Qasımova, Məhərrəm Quliyev, Nurbəniz Niftəliyeva, Vəli Nəsibov və digərlərinin ifaları dinlənilib. Tanınmış vokalçı onlara səs diapazonuna uyğun repertuar seçimi, düzgün tələffüz və vurğu, boğazların və xırdalıqların yerli-yerində edilməsi, ifa zamanı tənəffüs orqanlarının fəaliyyətinin düzgün tənzimlənməsi,  səhnə mədəniyyəti, jestikulyasiyalardan yerli-yerində istifadə ilə bağlı əhəmiyyətli tövsiyələr verib. Məşhur müğənninin ifası alqışlarla qarşılanıb.

Tədbirdə Naxçıvan Dövlət Universitetində solo oxuma ixtisası üzrə tədrisin mövcud vəziyyəti, musiqi təhsili alan  tələbələrə keçirilən vokal dərslərinin səviyyəsi müzakirə olunub.