Sayt xəritəsi

XƏBƏRLƏR

UNİVERSİTET TƏMSİLÇİLƏRİ YARIŞIN QALİBİ OLUBLAR

15.04.2015

 

Naxçıvan Muxtar Respublikasında gənclərin fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili, əxlaqi-mənəvi tərbiyəsi məqsədi ilə idmanın ən müxtəlif növlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, bu gün idmançılarımız nəinki ümumrespublika, eyni zamanda beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edir, Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak etmək hüququ qazanırlar.

Növbəti yarışlardan biri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Hava və Ekstremal İdman Növləri Federasiyası ilə birgə “Zərərli vərdişlərdən uzaq olaq!” devizi altında təşkil etdiyi “Əshabi-Kəhf” ziyarətgahına qaçış-yürüş olub. Muxtar respublikanın ali, orta ixtisas müəssisələri tələbələrindən, tam orta məktəb şagirdlərindən ibarət 100 nəfərə yaxın idmançı qaçış-yürüşdə iştirak edib. Naxçıvan Dövlət Universitetinin təmsilşiləri isə yarışda parlaq qələbə qazanıblar.  Pedaqoji fakültənin Bədən tərbiyə və idman  ixtisasının I kurs tələbəsi Samiq Sadiqov finişə ilk çatmaqla qalibiyyət əldə edib. Universitetin həmin ixtisas üzrə II kurs tələbəsi Yuris Allahverdiyev II, III kurs tələbəsi Ramid Yaqubov isə III yerə layiq görülüb. Qalib idmançılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, təşkilatçı federasiyanın qiymətli hədiyyələri təqdim olunub.