Sayt xəritəsi

XƏBƏRLƏR

DÜNYA MƏDƏNİ İRSİNİN NADİR İNCİSİ

17.04.2015


Naxçıvan Dövlət Universitetində “Kitabi-Dədə Qorqud” Avropada” mövzusunda elmi konfrans keçirilib. XI-XII əsrlərə aid olan, Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsinin  alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibəti ilə keçirilən konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor qədim mədəniyyət abidələrindən biri olan bu dastanın tədqiqinin, təbliğinin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, ulu öndər Heydər Əliyevin "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi haqqında" 1997-ci il 20 aprel tarixli fərmanına əsasən  bu yubiley YUNESKO çərçivəsində dünya səviyyəsində qeyd olunub. Yubiley münasibətilə çoxşaxəli işlər görülüb, "Kitabi-Dədə Qorqud" ensiklopediyası nəşr olunub, abidələr ucaldılıb. Bu gun, əsərin ilk tərcüməsi və nəşrinin 200 illiyinin  dövlət səviyyəsində qeyd edilməsi milli-mədəni irsi qoruyub yaşatmağa və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasına xidmət edir.                           

Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı “Kitabi-Dədə Qorqud”un dünya dillərinə tərcüməsi, nəşri və tədqiqi tarixindən” adlı məruzəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci il tarixdə imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” sərəncamın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu epos XVIII əsrdən məlum olsa da, ilk dəfə 1815-ci ildə alman alimi Henrix Fridrix fon Dits «Kitabi-Dədə Qorqud»un Drezden nüsxəsini tapıb. Bundan sonra Avropa şərqşünaslıq elminin diqqətini cəlb edən dastanın müəyyən qolları 1894-cü ildə ildə rus alimi Bartold, 1916-cı ildə türk tədqiqatçısı Kilisli müəllim Rifət, 1938-ci ildə yenə də türk alimi Orxan Şaiq Gökyay, 1952-ci ildə İtaliya şərqşünası, professor Rossi tərəfindən tərcümə və nəşr edilib. Teodor Nöldeki, İohan Hayn, Hans-Peter Əhməd Şmide, Faruk Sümer, Ahmet Uysal, Uorren Uolker, Pavel Antokolski, Lui Bazən, Altan Gökalp və digər şərqşünas alimlər Dədə Qorqudun şəxsiyyəti, dastanların əhəmiyyəti, hadisələrin cərəyan etdiyi zaman və məkan məsələləri, əsərin dili, üslubu və s. haqqında ciddi tədqiqat aparıblar.                 

İngilis dili kafedrasının müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Ceyran Quliyeva “Oğuz dastanlarının ingilis dilində tərcümə sənətkarlığı”, Rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Hüseyn Adıgözəlov “Kitabi-Dədə Qorqud” dastanları rus dilində”, Roman-german dilləri kafedrasının baş müəllimləri Kövsər Abbasova “Kitabi-Dədə Qorqud” alman dilində: tərcüməsi, nəşri və tədqiqi məsələləri”, Məhsəti Əsgərova “Kitabi-Dədə Qorqud” dastanları Fransada” mövzularında məruzələr ediblər. Məlumat verilib ki, iki əsrlik bir dövrdə tanınmış  dünya şərqşünasları “Kitabi-Dədə Qorqud”u tədqiq, təhlil və tərcümə edib müxtəlif dillərdə nəşr etdirirlər. Nəinki türkdilli xalqların, dünya  mədəniyyətinin nadir incisi sayılan bu epos tariximizin, ədəbiyyatımızın, dilimizin, folklorumuzun, etnoqrafiyamızın öyrənilməsi üçün çox zəngin bir mənbədir.    Bu qədim əsəri orijinaldaki kimi dünya xalqlarına çatdırmaq müasir ədəbiyyatşünaslığın qarşısında duran mühüm vəzifələrdəndir.

Konfransın sonunda Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri dastandan parçaları Azərbaycan və dünya dillərində bədii qirət ediblər.