Sayt xəritəsi

XƏBƏRLƏR

FAKÜLTƏLƏRARASI ONLAYN BAĞLANTI

17.04.2015

Naxçıvan Dövlət Universitetində Tarix filologiya və Beynəlxalq münasibətlər fakültələri arasında onlayn bağlantı təşkil olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun da iştirak etdiyi onlayn bağlantıya, Ingilis dili və jurnalistika ixtisasında təhsil alan tələbələr, həmçinin koreyalı və gürcü  tələbələr də qatılıblar.

Qeyd edək ki, aprel ayının 1-dən etibarən universitetin magistr tələbələrinin elmi-pedaqoji təcrübəsinə start verilib. Qoyulan əsas tələblərdən biri də, açıq dərslərin İKT vasitəsilə tədrisini təşkil etməkdir. Elə bu ənənəyə sadiq qalaraq, universitetdə onlayn bağlantı təşkil olunub və universitetin ingilis dili ixtisasının II kurs magistrı Turan Şirəliyevanın “İntibah dövrünün dühası –Vilyam Şekspir” mövzusunda açıq dərsi dinlənilib. Dərsdə dünya ədəbiyyatının ən məşhur dramaturqlarından olan, 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi Vilyam Şekspirin Avropa teatr sənətinin və ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışılıb.

İngilis dilində aparılan açıq dərsdə, hər iki fakültənin tələbələri mövzunu böyük maraqla qarşılayıblar. Açıq dərsdə mövzu ətrafında disskusiya keçirilib, tələbələri maraqlandıran suallar isə İngilis dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Ceyran Quliyeva və Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova, həmçinin ingilis dili ixtisasının II kurs magistrı Turan Şirəliyeva tərəfindən cavablandırılıb.

Vilyam Şeksprin həyat və yaradıcılığından bəhs edən slayd maraqla izlənib.

Onlayn bağlatının sonunda çıxış edən universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid bildirib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, elmin inkişafına, gənclərin hərtərəfli təhsil almasına səbəb olub”. Universitetdə onlayn bağlantıların keçirilməsinin də bu baxımdan vacibliyini nəzərə çatdıran natiq, bu cür tədbirlərin universitetdə davamlı təşkil olunacağını vurğulayıb.