Sayt xəritəsi

XƏBƏRLƏR

RUMINYANIN FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ UNİVERSİTETDƏ

20.04.2015

 

Rumınya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov məlumat verib ki, 108 hektarlıq əraziyə malik Naxçıvan Dövlət Universiteti müasir tipli, dünya standartları səviyyəsinə cavab verə biləcək bir ali məktəbdir. Səfir ali məktəbin maddi-texniki bazası, strukturu, tədrisin keyfiyyəti, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsi ilə yaxından tanış olub. Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki tədris və elmi-tədqiqat yönlü laboratoriya və muzeylərlə tanışlıq, auditoriyalarda tələbələrlə bilavasitə görüş Rumınyalı diplomatda maraq doğurub.                    

Görüş zamanı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, özünəməxsus tarixi inkişaf yolu keçən universitet dünyanın 80-dən çox tanınmış ali məktəbi ilə sıx əməkdaşlıq edir. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Türkiyə, Rusiya, Gürcüstan, Cənubi Koreya, Çexiya kimi  ölkələrin ali məktəblərində, o cümlədən Rumınyanın Babeş-Bolyai Universitetində  davam etdirirlər. Universitetdə beynəlxalq münasibətlərin, müxtəlif xarici dillərin tədrisinə böyük əhəmiyyət verilir.

Səfir Daniel Kristian Çiobanu Rumınyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu, möhkəm fundament üzərində qurulan bu əməkdaşlığın bu gün də  uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Rumınya arasında 2011-ci ildə imzalanmış "Strateji əməkdaşlıq" fəaliyyət planın əsasən  iki ölkə arasında siyasi-iqtisadi, sosial-mədəni əlaqələr, elmi və təhsil sahəsində əməkdaşlıq inkişaf etdirilir. Görüşdə Rumınya ali məktəbləri ilə tələbə mübadiləsi, virtual əməkdaşlığın inkişafı, onlayn simpozium və konfransların təşkili məslələri müzakirə olunub, simvolik hədiyyələr təqdim olunub.

Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin müəllim və tələbələri ilə görüş zamanı səfir “Azərbaycan – NATO əlaqələri” mövzusunda məruzə edib. Məruzəçi NATO-nun yaranma tarixindən bəhs edərək  xatırladıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1994-cü ildə NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini, 1997-ci ildə isə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalanmışdır. Azərbaycan Respublikasının sülhməramlı tağımı Türkiyə taboru daxilində Kosovoda, Əfqanıstanda  keçirilən sülhməramlı əməliyyatda iştirak edir. Azərbaycan sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin etmək məqsədi daşıyan, müstəqil dövlətlərin alyansı olan NATO ilə əlaqələrini bu gün də uğurla davam etdirir. NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında ədalətli həllinin tərəfdarıdır. Rumınyalı səfir ölkəsinin NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi gördüyü işlərdən də danışıb.

Görüşün sonunda Rumınya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu tələbələrin suallarını cavablandırıb.