Sayt xəritəsi

XƏBƏRLƏR

GÖRKƏMLİ SƏRKƏRDƏNİN EV MUZEYİNDƏ AŞIQ DƏRS

20.04.2015

 

Tarix fakültəsinin Muzeyşünaslıq, arxiv isi və abidələrin bərpası ixtisasının II kurs tələbələrinə Cəmşid Naxçıvanskinin Naxçıvan şəhərindəki ev muzeyində açıq dərs keçilib. Dərsdən öncə universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin Azərbaycan hərb tarixindəki rolundan bəhs edib. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev represiya qurbanlarından olan bu böyük tarixi şəxsiyyəti yüksək dəyərləndirlməklə, adını əbədiləşdirilməklə Azərbaycan xalqının vətənpərəvrlik əzminin, hərbi qüdrətinin, mübarizliyinin özünə qaytarılmasına xidmət edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2 aprel 2015-ci il tarixli Sərəncamına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bu sərəncamla bağlı təsdiq etdiyi Tədbirlər Planına əsasən yubileyin dövlət səviyyəsində qeyd olunması görkəmli sərkərdənin həyat və fəaliyyətinin, ixtisaslı hərbçi kadr hazırlığındakı xidmətlərinin öyrənilməsi və təbliği, gənc nəsildə hərbi-vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir.                                    

Universitetin Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərli “Hərb tariximizin görkəmli sərkərdəsi Cəmşid Naxçıvanski” mövzusunda açıq dərs keçərək bildirib ki, Azərbaycan xalqının mənşəcə formalaşmasında və etnogenezisində mühüm yer tutan Kəngərli  xanları nəslinin nümayəndəsi Cəmşid xan 43 illik qısa ömrünün 26 ilini hərbi xidmətə sərf edib. O, istər çar Rusiyası, istər Azərbaycan Demokratik Respublikası, istərsə də totalitar sovet rejimi dövründə hərbi şücaəti ilə daim fərqlənib. Birinci dünya müharibəsində göstərdiyi igidliklərə görə bir sıra təltiflərlə mükafatlandırılan Cəmşid xan Naxçıvanski başçılıq etdiyi hərbi süvari alayı ilə birlikdə 1918-ci ildə Bakının düşmənlərdən təmizlənməsində, Qarabağ və Naxçıvanın erməni daşnaklarından azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Birləşmiş Komanda məktəbinə rəis təyin olunan Cəmşid xan Azərbaycan dağ-atıcı dviziyasının komandiri olub. Moskvada Ali Hərbi Akademiya təhsili alan görkəmli hərbçi 1938-ci ildə Stalin represiyasının qurbanı olub. Azərbaycanın hərb tarixində özünəməxsus rol oynayan Cəmşid xan Naxçıvanskinin xidmətləri heç bir vaxt unudulmayacaq.                        

Universitetin Arxiv işi və muzeyşünaslıq kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Sübhi Kəngərli qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüs və qayğısı ilə 1981-ci ildə general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar onun yaşadığı evdə belə bir muzey yaradılıb. Muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları qorunub saxlanılır.            

Sonra muzeylə tanışlıq olub. Muzeyin baş elmi işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynova muzey haqqında ətraflı məlumat verərək burada 5800-ə yaxın eksponataın qorununb saxlandığını, onlardan 900 ədədinin nümayiş etdirildiyini bildirib.