Sayt xəritəsi

XƏBƏRLƏR

ABANT İZZƏT BAYSAL UNİVERSİTETİNİN NÜMAYƏNDƏ HEYƏTİ UNİVERSİTETDƏ

21.04.2015

 

Türkiyə Cümhuriyyətinin Abant İzzət Baysal Universitetinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlığın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!” ideyası altında daha da möhkəmlənməsindən danışıb. Bu əlaqələrin inkişafında elm, təhsil müəssisələri arasında tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan rektor qeyd edib ki,  dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Universitet qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan, Ərzurum universitetləri ilə elm, təhsil, mədəniyyət, idman sahəsində əməkdaşlığa malikdir. Naxçıvan Dövlət Universiteti Türkiyənin 40 ali məktəbi ilə birgə türk ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirmək  məqsədi daşıyan Mövlana Mübadilə Proqramının iştirakçısıdır. Tibb fakültəsinin bir neçə tələbəsi artıq bu mübadilə proqramına əsasən ali təhsillərini Türkiyənin müxtəlif ali təhsil ocaqlarında davam etdirir.       

Qonaqlardan Emine Eratay təmsil etdiyi universitet haqqında məlumat verərək qeyd edib ki, mərkəz kampusu Boludan 13 kilometr uzaqlıqda yerləşən Abant İzzət Baysal Universitetində 1000-ə yaxın təhsil işçisi, 900 ətrafında rəhbər işçi çalışır, 10 fakültə, institut, 5 yüksək məslək məktəbi fəaliyyət göstərir, 20.000-ə yaxın tələbə təhsil alır. Digər çıxış edənlər Naxçıvan və Naxçıvan Dövlət Universiteti haqqında xoş təəssüratlarını bölüşüblər.        

Sonra universitetlə tanışlıq olub. Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid universitetinin yaranma tarixi, strukturu haqqında qonaqlara məlumat verərək qeyd edib ki, 10 fakültə və  47 kafedranın, magistratura və xarici tələbələrlə iş üzrə dekanlıqların fəaliyyət göstərdiyi universitetdə hazırda 237 nəfəri xarici ölkə vətəndaşı olmaqla 5349 nəfər tələbə ali təhsil alır. Qonaqar müxtəlif fakültələrdə olub, tələbələrlə görüşüb tədris prosesi ilə tanış olublar.