Sayt xəritəsi

XƏBƏRLƏR

UNİVERSİADA-2015 ÇƏRÇİVƏSİNDƏ İDMAN YARIŞLARI DAVAM EDİR

22.04.2015

Naxçıvan Dövlət Universitetində müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Universiada - 2015” proqramına daxil olan idman yarışlarına aprel ayının 10-da start verilib.

Müasir dövrdə Azərbaycan gəncliyinin fiziki inkişafına, sağlamlığına, hərbi vətənpərvərlik ruhunda böyüməsinə və asudə vaxtlarının səmərəli təşkilinə göstərilən diqqət və qayğının təzahürüdür ki, Azərbaycan idmançıları beynəlxalq çempionat və olimpiadalarda parlaq qələbələr qazanırlar. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş universiada da tələbələr arasından perspektivli idmançıların müəyyənləşdirilməsinə, universitetin respublika və beynəlxalq miqyaslı idman yarışlarında uğurla təmsil olunmasına şərait yaradacaq.

Universitetin 10 fakültəsinin qatıldığı “Universiada - 2015” çərçivəsində idman yarışları davam edir. Bugünə qədər idmanın müxtəlif növləri arasında keçirilən “Universiada 2015” yarışlarında oğlanlardan ibarət voleybol komandaları arasında keçən gərgin yarışda Pedaqoji fakültənin, qızlar arasında keçirilən voleybol yarışlarında isə Tibb fakültəsinin komandası qələbə qazanıb. Universiadaya daxil edilən yarışlardan digəri Stolüstü tenis oyunu olub. Pedaqoji fakültənin komandası I, Fizika-riyaziyyat və İqtisad fakültələri isə II və III yerləri bölüşüblər. Oğlanlar arasında keçirilən Stolüstü tenis oyunu üzrə şəxsi birincilikdə bədən tərbiyəsi və idman ixtisasının IV kurs tələbəsi Karaslan Hasan, həmin ixtisasın III kurs tələbəsi Səriyyə Quliyeva isə qızlar arasında I yerin qalibləri olublar.
Qeyd edək ki, universiadaya may ayının 10-da yekun vurulacaq, qaliblər kubok və diplomlarla təltif olunacaq.