Sayt xəritəsi

XƏBƏRLƏR

ÖMÜRLƏRƏ NUR SAÇAN ÖMÜR

22.04.2015

Naxçıvan Dövlət Universitetində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 92 illk yubileyinə həsr edilmiş elmi konfrans keçirilib. Tibb fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Zərifə xanımın Azərbaycan səhiyyəsinin, oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb. Rektor qeyd edib ki, hər bir Azərbaycan qadınına, anasına örnək olan Zərifə xanım görkəmli alim Əziz Əliyevin ocağında tərbiyə alıb, ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ömür-gün yoldaşı, sirdaşı olub, ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev kimi siyasi xadim yetirib. Fədakar həkim, nəcib insan, görkəmli ictimai xadim, vətənpərvər ziyalı, nurlu sima olan Zərifə xanımın işıqlı xatirəsi heç vaxt unudulmayacaq.

Tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva “Akademik Zərifə Əliyevanın həyatı və elmi-pedaqoji fəaliyyəti” mövzusunda məruzə edərək bildirib ki, Zərifə xanım peşəkar həkim kimi Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. Zərifə xanımın «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda elmi tədqiqatları oftolmologiya sahəsində böyük elmi yenilikdir. Yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edən bu alim Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologiyi" (Moskva) jurnalı redaksiya heyətinin üzvü kimi də fəaliyyət göstərib. Görmə orqanının peşə patologiyası sahəsində qazandığı uğurlara görə oftalmoloq qadınlar arasında ilk dəfə ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layıq görülüb.  Tanınmış alim "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva müxtəlif orden və medallara, Azərbaycanın Əməkdar elm xadimi kimi yüksək ada layiq görülüb.

Konfransda Tibbi profilaktika ixtisası üzrə II kurs tələbəsi Rəfiqə Zeynalova  “Azərbaycanda oftalmologiya elminin tükənməz xəzinəsi”, Müalicə işi ixtisası üzrə üzrə I kurs tələbəsi Bənövşə Qasımova “İnsanlara nur bəxş edən ləyaqət mücəssəməsi” movzulu məruzələrində tanınmış akademikin oftalmologiyanın bir elm kimi şaxələnməsində və müxtəlif istiqamətlər üzrə inkişafındakı rolundan, həkimlik və  ictimai fəaliyyətindən, yüksək əxlaqi-mənəvi dəyərlərindən danışıblar.  

Konfransda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən slayd və videoçarx nümayiş etdirilib.