Sayt xəritəsi

XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN

23.04.2015

 

Naxçıvan şəhərindəki Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbdə Naxçıvan Dövlət Universitetininin həmin məktəbdə pedaqoji təcrübə keçən Tarix-filologiya fakültəsinin tələbələrinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli müstəqilliyin əldə olunmasında və qorunmasında, Azərbaycanın siyasi,iqtisadi, hərbi qüdrətə malik bir dövlət kimi inkişafında, Azərbaycançılıq ideologiyasının təbliğindəki əvəzsiz rolundan danışıb. Təhsil Şöbəsinin müdiri ali və orta ixtisas məktəblərinin keçirdiyi belə müştərək tədbirləri görkəmli siyasi xadimin həyat və faəliyyətinin təbliği baxımından yüksək dəyərləndirib.            

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid təmsil etdiyi ali məktəbdə dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun təbliği istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, dahi öndərin həyat və mübarizə yolu, millilik ideologiyası, Vətən sevgisi gələcək nəsillər üçün qiymətli mirasdır.  Tədris işləri üzrə prorektor ali təhsil müəssisəsində fəaliyyət göstərən Heydər Əliyev Universitetində keçirilən məşğələlər, aparılan elmi-tədqiqat işləri, zəngin kitab və videoteka fondu barədə məlumat verərək təklif edib ki, Heydər Əliyevin dövlətçilik ideologiyasının daha mükəmməl mənimsənilməsi məqsədilə universitet müəllimlərinin muxtar respublikanın tam orta məktəblərinin şagirdləri üçün müxtəlif mövzularda dərsləri təşkil olunsun. Təklif Naxçıvan şəhər təhsil şöbəsi tərəfindən müsbət qiymətləndirilib, yaxın zamanlarda dərslərin təşkili planlaşdırılıb.                        

Universitetin tarix elmləri üzrə fəlsəfə doktoru, dosent İsmayıl Zeynalov “Azərbaycanın dünyaya tanıtdırılmasında Heydər Əliyevin rolu”  mövzulu məruzəsində ümummilli liderin totalitar sevim rejimi dövründə və müstəqillik illərindəki siyasi fəaliyyətindən, Azərbaycanın gələcək inkişafı naminə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdən, qısa bir zamanda milli birliyin rəmzinə çevrilməsindən bəhs edib. Konfransda universitetin təcrübəçi tələbələrindən Türkan İmanlı “Heydər Əliyev və Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu”, Mahnur Həsənova “Heydər Əliyev və Azərbaycanın beynəlxalq əlaqələri” mövzusunda məruzələr ediblər. Şagirdlərin ifasında ümummilli liderə həsr olunmuş şerlər bədii qiraət olunub.    

Tədbirə 12 nömrəli tam orta məktəbin direktoru Əli Novruzov yekun vurub.