Sayt xəritəsi

XƏBƏRLƏR

MÜSTƏQİL AZƏRBAYCANIN BANİSİ

27.04.2015

 

Naxçıvan Dövlət Universitetində ali məktəbin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu” mövzusunda 192-ci məşğələsi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən növbəti məşğələni giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq qeyri-adi fitri istedada, dərin zəkaya və analitik təfəkkürə malik dahi şəxsiyyət Heydər Əliyevin çətin və məsuliyyətli, lakin şərəfli ömür yolundan, siyasi fəaliyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev ölkənin müasir inkişafına, iqtisadi, siyasi və hərbi qüdrətinə, beynəlxalq nüfuz sahibi olmasına məhz Heydər Əliyev ideyalarını əzmlə davam etdirməklə nail olmuşdur. Ümummilli liderin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və təbliği tələbə gəncliyin də başlıca məramı olmalıdır.                        

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, professor, əməkdar müəllim Məmməd Rzayev mövzu ilə bağlı geniş məruzə edərək bildirib ki, XX əsrin ikinci yarısında keçmiş SSRİ-nin və Azərbaycanın ictimai-siyasi mühitində yetişən Heydər Əliyev görkəmli şəxsiyyət, dünyaca məşhur müdrik siyasətçi, bacarıqlı siyasi lider, qüdrətli sərkərdədir. O, iki siyasi sistemdə Azərbaycana rəhbərlik etmiş, nəinki müstəqillik illərində, totalitar sovet rejimi dövründə belə Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına nail olmuşdur. Bu dahi insan öz ömrünü, bütün siyasi və dövlətçilik fəaliyyətini çağdaş Azərbaycanın, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsinə sərf etmişdir. Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyət - rəhbərdir ki, keçmiş SSRİ kimi bir dövlətin siyasi rəhbərlik zirvəsinə yüksəlmiş və görkəmli və böyük təsirə malik olan dünya şöhrətli lider olduğunu əməli fəaliyyəti ilə göstərmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Naxçıvanın ərazi bütövlüyünün və muxtariyytının qorunması, hüquqi subyektə çevrilməsində mühüm rol oynayan Heydər Əliyev müstəqil Azərbaycanını sosial-iqtisadi tərəqqisində, ölkədə ictimai sabitliyin yaradılmasında, milli ideologiyanın formalaşmasında, dövlətimizin uzaqgörən və balanslaşdırılmış xarici siyasətinin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərmişdir. Ümummilli lider görkəmli dövlət və siyasi xadim kimi müasir Azərbaycan tarixinin parlaq səhifələrini yazmışdır.