Sayt xəritəsi

XƏBƏRLƏR

İQTİSADÇI ALİM QIZIL MEDALLA TƏLTİF OLUNUB.

03.05.2015

 

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmov “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub. “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə tanınmış iqtisadçı alim yüksək ixtisaslı elmi kadrların hazırlanmasındakı səmərəli fəaliyyətinə, ölkədə aparılan iqtisadi islahatlarda yaxından iştirakına və iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə bu ada layiq görülüb.             

Naxçıvan Dövlət Universitetində keçirilən təqdimetmə mərasimində "Avropa Nəşr Mətbuat Evi”nin prezidenti  Şöhrət Səlimbəyli müsabiqə komissiyasının Ağarza Rüstəmovun elmi-pedqaqoji fəaliyyətini araşdırdıraraq bu mükafatla təltif etmək haqqında yekdil qərara gəldiyini bildirib. O, Ağarza müəllimin alim-pedaqoq kimi qazandığı elmi nailiyyətlərdən, vətənpərvər, nəcib insan olmasından danışaraq qızıl medalı professora təqdim edib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kollektiv adından Ağaqza müəllimi təbrik edərək qeyd edib ki, 40 ilə yaxındır ki, pedaqoji fəaliyyət göstərən Ağarza Rüstəmov müxtəlif illərdə Naxçıvan Dövlət Universitetinin Ümumi texniki fənlər, İqtisad, Hüquq fakültələrində dekan müavini və dekan vəzifələrində çalışıb, hazırda İqtisadiyyat kafedrasının müdiridir. 2007-ci ildə NDU-nun 40 illik yubileyi ərəfəsində professor Ağarza Rüstəmovun uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib, ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. 2013-cü ildə isə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib. Ağarza Rüstəmov istər respublika miqyaslı, istərsə də xarici ölkələrdə elmi konfranslarda çıxışları, çoxsaylı elmi jurnallarda dərc olunan məqalə və tezisləri ilə özünü məhsuldar alim kimi təsdiq edib. O, eyni zamanda Rusiyanın “Mejdunarodnıy nauçnıy” və “Mejdunarodnıy Texniko-ekonomiçeskiy” jurnallarının və Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili institutunun elmi xəbərləri jurnalının redaksiya heyətinin də üzvüdür. Professor Ağarza Rüstəmovun elmi kadrların hazırlanmasında da geniş fəaliyyəti var. Ondan çox aspirant və dissertanta rəhbərlik etmiş, hazırda ixtisaslaşmış dissertasiya şurasının sədr müavini vəzifəsini daşıyır.                                   

Alim-pedaqoqun həmkarları çıxış edərək qeyd ediblər ki, Ağarza Rüstəmov müəllimlik peşəsini ürəkdən sevən və sevdirən ziyalı kimi, Naxçıvan Dövlət Universitetində dərs dediyi tələbələrinin dərin hörmətini qazanıb. O, bu gün də tələbələrin iqtisadiyyat elminə dərindən yiyələnməsi üçün əlindən gələni əsirgəmir.