Sayt xəritəsi

XƏBƏRLƏR

ÜMUMMİLLİ LİDERƏ HƏSR OLUNMUŞ KONSERT

03.05.2015

 

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konsert olub. Konsert xarici tələbələrin də iştirak etdiyi birləşmiş xorun və solist Afət Vəliyevanın  ifasında  Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, universitetin müəllimi Şəmsəddin Qasımovun “Heydərim, var ol!” odası ilə başlayıb. Konsertdə Azərbaycan Respublikasının xalq artisti Çingiz Axundovun bədii rəhbərlik etdiyi kamera ansamblının ifaları, İohan Sebastyan  Bax, Volfanq Amadey Motsart kimi dünya klassiklərinin əsərləri, görkəmli Azərbaycan bəstəkarlarının, o cümlədən universitetin müəllimi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi  Kamal Əhmədovun əsərləri səsləndirilib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti  Validə Hüseynovanın bədii rəhbəlik etdiyi vokal qrupu, tələbələrdən Nurbəniz Niftəliyeva, Məhərrəm Quliyev, Vəli Nəsirov, Nigar İbrahimova, Doğan Özdəmir və Sevgi Bindikin oxuduğu mahnılar tamaşaçı alqışları ilə müşaiyət olunub. Elvin Əliyarov, Zakir Bağırov, Gülmira Mehdiyeva, Səmra Məmmədli, Aysel Eminli, Kamran Əsgərov, İnci Sadıqlı və digər tələbələrin müxtəlif orkestr alətlərində ifa etdikləri musiqi nömrələri onların musiqi nəzəriyyəsinə, sənətkarlıq səriştəsinə yiyələnməkdə olduqlarını təsdiqləyib.    

Konsertdən sonra Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri -   İncəsənət fakültəsinin dekanı Mübariz Əsgərov və Orkestr alətrləri və dirijorluq kafedrasının müdiri Validə Hüseynova çıxış edərək bildiriblər ki, konsert dünya şöhrətli siyasətçi, Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub yaşadan,  mədəniyyət və incəsənətimizin kamil bilicisi, vurğunu olan ümummilli lider Heydər Əliyevə sonsuz sevgi və ehtiramın ifadəsidir. Çıxışlarda İncəsənət fakültəsinin son tədris ilində qazandığı nailiyyətlərdən bəhs olunub, perspektiv yaradıcılıq planlarından söz açılıb.                        

Tədbirə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yekun vuraraq dahi öndər, ümummilli lider Heydər Əliyevin doğum günü ərərfəsində universitetdə keçirilən silsilə tədbirlərdən danışıb. Rektor vurğulayıb ki, ümummilli liderin anadan olmasının 92-ci ildönümünün muxtar respublikada, o cümlədən Naxçıvan Dövlət Universitetində tənətənəli şəkildə qeyd olunması görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin, siyasi kursunun və azərbaycançılıq ideologiyasının gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafındakı misilsiz xidmətlərindən danışan rektor konserti yüksək qiymətləndirərək kollektivə təşəkkürünü bildirib. Qeyd olunub ki, ali təhsilli musiqiçilərin, peşəkar sənətkarların yetişməsində, tələbələrdə ifaçılıq vərdişlərinin, səhnə mədəniyyətinin təkmilləşdirilməsində belə konsert proqramlarının böyük əhəmiyyəti var.