Sayt xəritəsi

XƏBƏRLƏR

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ

03.05.2015

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetində keçirilən silsilə tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı kimi universitetdə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan, universitetin tərbiyə işləri üzrə prorektoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, professor Məmməd Rzayev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələlərinin xüsusi yer tutduğunu bildirib. Qeyd olunub ki, ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Prorektor bildirib ki, bu gün müstəqil Azərbaycanda, оnun ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir.

Konfransda “Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilində rolu” mövzusunda məruzə ilə çıxış edən, Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, professor Elbəyi Maqsudov vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qоvuşması məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşibdir. Qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndiribdir. Qeyd olunub ki, yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və s. sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin geniş üfüqlərindən soraq verir. Professor Elbəyi Maqsudov bildirib ki, Azərbaycanda, о cümlədən Naxçıvanda təhsilin yüksəlişi, uğurları “Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir.

Konfransda Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Quliyevanın “Ümummilli lider Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi, ümummilli lider Heydər Əliyevin bu ali təhsil ocağının müqəddaratında, təşəkkülündə və inkişafında mühüm rol oynadığını, dəfələrlə universitet kollektivi ilə görüşərək tarixi çıxışlar etdiyini, Naxçıvan Dövlət Universitetini Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biri kimi yüksək qiymətləndirdiyini bildirib.