Sayt xəritəsi

XƏBƏRLƏR

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 92-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ KONFRANS

05.05.2015

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dünya şöhrətli  siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli  dövlət kimi dinamik inkişafında, Azərbaycanın dünyada tanınmasındakı  misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı sayəsində bu gün Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsinə çevrilib, dünya siyasət arenasında layiqli mövqeyə sahiblənib. Natiq, çıxışının sonunda Heydər Əliyev şəxsiyyəti və siyasətinin, həmişəyaşar mənəvi irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılmasının zəruriliyindən bəhs edib.

Ümumi təbabət və gigiyena kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Yaşar Rzayevin “Ümummilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi, ümummili liderimizin Azərbaycanın iqtisadi tərəqqisinə gətirib çıxarmış siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə digər sahələr kimi, səhiyyənin inkişafına da dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarət olduğunu bildirən natiq, son illər səhiyyənin maddi-texniki bazasının möhkəmləndirildiyini də nəzərə çatdırıb.

Müalicə işi ixtisası üzrə III kurs tələbəsi, fakültə YAP Gənclər təşkilatının sədri Əminə Seyidzadənin “Qüdrətli dövlət xadimi”, Müalicə işi ixtisası üzrə I kurs tələbəsi Sahilə Əlizadənin “Dahi öndər Heydər Əliyevin uzaqgörənliyi və Azərbaycanın qurtuluşu” mövzularında məruzələri dinlənilib.

Konfrans çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini, həmçinin müasir Azərbaycan səhiyyəsinin inkişafını əks etdirən slaydlar nümayiş etdirilib.