Sayt xəritəsi

XƏBƏRLƏR

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN İNTİBAHI

06.05.2015

Naxçıvan Dövlət Universitetində YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycan intibahı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Azərbaycan diasporunun yaradıcısı, sülhün müdafiəçisi, həyatı və əməlləri ilə nəsillərə örnək olan ümummilli lider Heydər Əliyevin keçdiyi böyük şərəfli tarixi yola nəzər salıb. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolundan bəhs edib.

“Ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm və təhsilin inkişafında da ulu öndərin misilsiz xidmətləri heç zaman unudulmayacaqdır”:- bu fikirləri Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı konfransda “Elm və təhsilimizin böyük hamisi” mövzulu məruzəsində səsləndirib. Billdirilib ki, milli mənəvi dəyərlərimizin hamisi olmuş Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm və təhsilin inkişafına da böyük diqqət göstərirdi. Ümummilli liderin təşəbbüsü ilə prioritet sahə olan təhsil sisteminin əsaslı surətdə təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaradan köklü islahatların həyata keçirildiyi vurğulanıb.

Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Yusif Hüseynovun “Ümummilli lider Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli”, Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Tuncay Salmanlının “Ulu öndər Heydər Əliyev və Naxçıvan”, Rus dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Elvira İsgəndərovanın “Dahi rəhbər  Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələri dinlənilib.