Sayt xəritəsi

XƏBƏRLƏR

MİLLİ İSTİQLALIN ÜMİD VƏ GÜVƏNC YERİ

07.05.2015

 

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilən ənənəvi silsilə tədbirlər “Heydər Əliyev 92: Milli istiqlalın ümid və güvənc yeri” adlı elmi-praktik konfransla yekunlaşıb. Konfransdan öncə ümummilli liderə həsr olunmuş, universitet müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanışlıq olub. Konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açaraq may ayının Azərbaycan xalqına Heydər Əliyev kimi böyük düha, əzəmətli şəxsiyyət, müqəddəs xilaskar bəxş etməklə əlamətdar olduğunu xatırladıb. Rektor vurğulayıb ki, dünya şöhrətli siyasi xadim, görkəmli şəxsiyyət Heydər Əliyev taleyin ən ağır sınaqlarından keçərək şərəfli bir ömür yaşayıb, şüurlu həyatını, siyasi fəaliyyətini xalqın gələcək firavan həyatına  sərf edib. Məhz onun müdrik, uzaqgörən siyasəti nəticəsində totalitar sovet rejimi dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün siyasi-iqtisadi zəmin yaradılıb. XX əsrin sonlarında isə onun liderlik missiyası sayəsində Azərbaycan xarici geosiyasi müdaxilələrdən, daxili münaqişə və parçalanmalardan xilas olub. Azərbaycan öz müstəqilliyini qoruyub saxlayib, dünyada tanınıb, inkişaf edib, çiçəklənib. Universitetdə ümummilli liderin həyat yolunun və siyasi irsinin təbliği istiqamətində görülən işlərdən danışan rektor bildirib ki, ümummili liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri unudulmazdır, onun siyasi irsi ən qiymətli mənəvi mirasdır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə  bundan sonra da Heydər Əliyev ideyalarını yaşadacaq, inamla irəliləyəcək.                    

Universitet YAP ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov “Heydər Əliyev Azərbaycan məfkurəsinin himayədarıdır” mövzusunda məruzə edərək ümummilli liderin yüksək milli mənəviyyat uğrunda mübarizəsindən, mental dəyərlərin yaşadılmasındakı rolundan danışıb. Qeyd olunub ki, azərbaycançılıq məfkurəsinin böyük siyasətdə yorulmaz təbliğatçısı olan bu dahi insanın Vətən sevgisi, milli mənsübiyyəti ilə bağlı keçirdiyi fəxarət hissi gələcək nəsillər üçün əsl örhək olmalıdır. Elm və təhsil, ədəbiyyat və incəsənət, bir sözlə  mənəviyyatımızın bütün sahələri bu dahi şəxsiyyətin çox dəyərli ideyalarından bəhrələnib. Milyonlarla insanı böyük ideyalar ətrafında birləşdirən Heydər Əliyevin müqəddəs məramı vahid, müstəqil, inkişaf etmiş Azərbaycan olub!               

Konfransda Yeni Azərbaycan Paryiyasına üzv qəbul olunmuş tələbələrə vəsiqə təqdim olunub.

Ümummilli lider haqqında sənədli filmin nümayişindən sonra İncəsənət fakültəsinin hazırladığı konsert proqramı başlayıb. Xalq çalğı alətləri ansamblının müşaiyəti ilə müəllimə Zeynəb Yusifovanın, tələbələrdən Məhərrəm Quliyev, Pünhanə Nəcəfli, Bəhruz Quliyev və universitetin vokal qrupunun ifa etdikləri mahnılar, Çinarə Bədəlova və “Yallı” qrupunun rəqsləri, ümummilli liderə həsr olunmuş şeirlərin bədii qiraəti konfrans iştirakçılarında əsl bayram təntənəsi yaradıb.