Sayt xəritəsi

XƏBƏRLƏR

EKOLOGİYANIN QLOBAL PROBLEMLƏRİ MÜZAKİRƏ OBYEKTİ OLUB

07.05.2015

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan, eləcə də dünya miqyaslı tanınmış alimlərin universitetə dəvət olunaraq tələbələrə mühazirə soyləməsi artıq ənənə halını alıb. Bu istiqamətdə keçirilən tədbirlərdən biri də Ekologiya Mükafatı Laureatı, bir neçə kitab və dərsliklərin müəllifi, ekologiya elmləri doktoru, professor Eldar Hüseynovun  “Planetimizin müasir ekoloji problemləri və onun çıxış yolları” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədən əvvəl çıxış edən universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid bildirib ki, ümummilli lider, fenomenal və tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərlik fəaliyyəti dövründə olduqca böyük, dinamik sürətlə iqtisadi inkişafa nail olan Azərbaycan, artıq bu gün bütün dünya ictimaiyyətinin diqqətini özünə cəlb edib. Ekoloji problemlər həmişə ölkə prezidentinin fəaliyyətində ən öncül məsələ kimi dəyərləndirilib. Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada da ekoloji cəhətdən təmiz ekologiyaya, alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun diqqəti sayəsində Naxçıvan Muxtar Respublikasında yeni Günəş elektrik stansiyasının quraşdırıldığını nəzərə çatdırıb. Natiq, universitetdə ekoligiya ixtisasının açılmasını və 2015-2016-cı tədris ilindən tədris planına yeni bir ixtisasın-“Ekologiya mühəndisliyi” ixtisasının əlavə olunması və bu istiqamətdə aparılan kadr hazırlığını regionun coğrafi mövqeyi və dövlətin bu sahəyə olan diqqətinin bariz ifadəsi kimi dəyərləndirib.

Sonra professor Eldar Hüseynovun “Planetimizin müasir ekoloji problemləri və onun çıxış yolları” mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə ekologiyanın elmlər sistemində yeri, müasir dövrdə hidrosfer, litosfer və atmosferdə baş verən qlobal ekoloji problemlər- müharibərlər, təbii fəlakətlər, ozon qatının deşilməsi, havanın çirklənməsi, sənaye tullantılarından düzgün istifadə olunmaması, təbiətdən istifadədə səhlənkarlığa yol verilməsi və digər halların baş vermə səbəbləri və aradan qaldırılması mexanizmi haqda bəhs olunub.  Məruzəçinin irəli sürdüyü bəzi təkliflər auditoriyada geniş müzakirəyə səbəb olub. Universitetin professor-müəllim heyəti disskusiyaya qoşularaq mövzu ətrafında təklif və rəylərini irəli sürüblər. Sonra professor Eldar Hüseynov tələbələrin suallarını cavablandırıb.  Professor Eldar Hüseynov ali məktəblər üçün nəzərdə tutulmuş həmmüəllifi olduğu  “İnsan ekologiyası (Antropoekologiya) ” dərsliyini universitet kitabxanasına təqdim edib.