Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN VƏ ŞƏRQİ ANADOLU ABİDƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ SİMPOZİUM

17.05.2015

 

Naxçıvan Dövlət Universitetində “Naxçıvan və Şərqi Anadolu abidələri” mövzusunda beynəlxalq simpozium keçirilib.

Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Ruminya da daxil olmaqla 5 ölkədən 56 alimin, həmçinin NDU-nun müəllim və tələbələri ilə birlikdə, ölkəmizin bir sıra ali təhsil ocaqlarının, AMEA-nın bəzi elmi tədqiqat institutlarının, AMEA Naxçıvan bölməsinin əməkdaşlarının, Türkiyənin Ağrı İbrahim Çeçen, Ərzurum Atatürk, Ankara Qazi, Qars Qafqaz, Elazığ və digər universitetlərindən dəvət olunmuş memarlıq üzrə mütəxəssislərin də iştirak etdiyi beynəlxalq simpoziumun plenar iclası başlanmazdan əvvəl, Naxçıvan Dövlət Universiteti ərazisində - Memarlıq fakültəsinin ətrafında Türkiyənin Ağrı İbrahim Çeçen,  Ankara Qazi, Ərzurum Atatürk  və Naxçıvan Dövlət Universitetlərinin əməkdaşlarının birgə səyi nəticəsində daşdan düzəldilmiş heykəllərin açılışı olub. Ağrı İbrahim Çeçen Universitetinin  müəllimi Naci Edi heykəllər haqqında məlumat verib. Vurğulanıb ki, simpoziumdan 15 gün öncə Naxçıvan Dövlət Universitetində  heykəl hazırlanma işlərinə Türkiyə tərəfindən 7 memar qatılıb. Naxçıvana aid olan yerli travertin daşından hazırlanmış heykəllərdə iki ölkənin milli dəyərləri əks olunub. Ağrı Ibrahim Çeçen Universitetinin  müəllimi Bilal Hano tərəfindən hazırlanmış “Heydər Əliyev-Atatürk”, həmin universitetin müəllimi Naci  Edinin “Azərbaycan bayrağı” və assistantı Ozan Baycan ilə birgə hazırladıqları “Azərbaycanın yüksəlişi”, Ankara Qazi Universitetinin müəllimi Tulay Özkulun “Sütun və ay”, Ərzurum Atatürk Universitetinin müəllimi Volkan Doğanın “Buğa” əsərləri haqqında qonaqlara ətraflı məlumat verib.

Tədbir universitetin Magistratura fakültəsində davam etdirilib. Əvvəlcə foyedə Naxçıvan Dövlət Universitetinin Memarlıq və İncəsənət fakültəsi tələbələrinin əl işlərində ibarət sərgiyə baxış olub. Sərgidə nümayiş olunan müasir binaların maketləri və onların müasir layihələri, həmçinin mövzu və kolorit baxımından orijinallığı ilə seçilən əsərlər sərgi iştirakçılarında böyük maraq doğurub.

Türkiyənin Ağrı İbrahim Çeçen və  Naxçıvan Dövlət Universitetlərinin birgə səyləri nəticəsində gerçəkləşdirilən beynəlxalq simpoziumun plenar iclasında ilk olaraq Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra, hər iki  ali təhsil ocağının tanıtım filmləri nümayiş olunub.

Plenar iclasda giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlığın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!” ideyası altında daha da möhkəmlənməsindən danışıb. Bu əlaqələrin inkişafında elm, təhsil müəssisələri arasında tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan rektor qeyd edib ki,  dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Universitet qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə elm, təhsil, mədəniyyət, idman sahəsində əməkdaşlığa malikdir. Naxçıvan Dövlət Universitetinin Türkiyə ali məktəbləri, həmçinin digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirmək  məqsədi daşıyan Mövlana Mübadilə Proqramının iştirakçısı olduğunu bildirən rektor Saleh Məhərrəmov, Azərbaycan və Türkiyə arasında dostluq və birliyin möhkəmlənməsində elm və incəsənətin müstəsna rolundan danışıb. Natiq, simpoziumun əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycanın tarixi abidələri dövlətimizin qədimliyinin göstəricisidir. Maddi mədəniyyət abidələrimizin böyük əksəriyyətinin işğal olunmuş ərazilərdə yerləşdiyini bildirən rektor diqqətə çatdırıb ki, ermənilər tarixi irsimizi dünyaya öz memarlıq nümunələri kimi təqdim etməyə çalışırlar. Bunun qarşısını almaq üçün ölkəmizdə müəyyən işlər görüldüyünü nəzərə çatdıran natiq, bu cür tədbirlərin keçirilməsini, memarlıq nümunələrinə diqqətin artırılmasına müsbət təsir göstərəcəyini vurğulayıb.

Ağrı İbrahim Çeçen Universitetinin rektoru professor, doktor İrfan Aslan rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib, tədbirin təsis edilməsinin məqsədini memarlıq nümunələrinin bərpasına diqqəti artırmaqdan ibarət olduğunu bildirib. “Abidələr, sənət əsərləri və mədəni miras, bir millətin kimliyi, varlığının sübutudur”- deyən rektor həmçinin, Naxçıvan və Naxçıvan Dövlət Universiteti haqqında xoş təəssüratlarını bölüşüb.

Ağrı İbrahim Çeçen Universitetinin rektor köməkçisi professor, doktor Kamal Polad iki xalqın tarixi bağlılığını, eyni söykökə malik olduğunu isbat edən ortaq mədəniyyətlərin təbliği baxımından bu cür simpoziumların təşkilini yüksək qiymətləndirib.

AMEA-nın müxbir üzvü, memar Cəfər Qiyasi “Türk memarlıq tarixinin birgə araşdırılması” mövzusundakı məruzəsində qədim olduğu qədər də böyük tarixi olan Naxçıvanın zəngin memarlıq irsinin bugünümüzə gəlib çatdığını vurğulayıb.  Natiq, Naxçıvanın təkcə Azərbaycanın deyil, türk dünyasının nüfuzlu memarlıq mərkəzlərindən biri olduğunu nəzərə çatdırıb.

Sonra xatirə hədiyyələri və heykəllərin  quraşdırılmasında əməyi keçən memarlara Naxçıvan Dövlət Universitetinin sertifikatları təqdim olunub.

Plenar iclasın yekununda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri  konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Ü.Hacıbəyovun, Q.Qarayevin, T.Quliyevin, F.Əmirovun, R.Mirişlinin, R.Hacıyevin ölməz bəstələri, türk mahnıları səsləndirilib.

Sonra simpozium öz işini “Tarix”, “Memarlıq”, “Mədəniyyət” və “İncəsənət” mövzularında keçirilən bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında “Naxçıvan körpüləri”, “Azəri-türk naxış sənət vəhdətinə yeni elmi yanaşma tərzi”, “Naxçıvan və Şərqi Anadolu ləhcələrinin ortak türk mədəniyyətinə təsiri”  və s. mövzular dinlənilib.

İki gün davam edən beynəlxalq simpoziumun yekununda Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev bildirib ki,- “Bu tədbirdə xalqlarımızın mədəniyyətini, tarixini, sənətini, memarlığını öyrənməklə bərabər, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı ərazi iddiaları edən ermənilərə tutarlı cavablar verildi. Hazırlanan heykəllər isə tarixə yazıldı”.
Qeyd edək ki, qonaqlar universitet Kampusunu gəzib, Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix, mədəniyyət və memarlıq abidələri ilə tanış olublar.