Sayt xəritəsi

XƏBƏRLƏR

MAGİSTRANTLARIN VII REGİONAL ELMİ KONFRANSI

20.05.2015

 

Naxçıvan Dövlət Universitetində Magistrantların yeddinci regional elmi konfransı keçirilib.

Konfrans magistraturanın fəaliyyətini əks etdirən “Elmin başlanğıc yolu” filminin nümayişi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan universitetin  rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov əlamətdar hadisə münasibətilə magistrantları təbrik edib. Rektor, universitetdə magistratura üzrə təhsilin səviyyəsindən, ali təhsil ocağının regionda elmi potensialın formalaşmasında aparıcı rolundan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbov tərəfindən magistrantların işlə təmin olunmasının daim diqqət və nəzarətdə saxlanılmasından, qarşıda duran vəzifələrdən ətraflı danışıb. Bu ali təhsil ocağına göstərilən diqqət və qayğının nəticəsində hazırda burada xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində ən zəruri ehtiyac duyulan kadrların hazırlanması, yüksək ixtisaslı mütəxəssislərin yetişməsi istiqamətində mühüm işlər görüldüyünü bildirən rektor, konfransın işinə uğurlar arzulayıb.

Konfransda universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev, Magistratura üzrə dekan, dosent Etibar Məmmədov çıxış edərək bildiriblər ki, magistrantların təhsil alması üçün universitetdə kifayət qədər münbit şərait yaradılıb, maddi-texnika baza formalaşıb. Qeyd olunub ki, burada yaradılmış Azərbaycanşünaslıq Mərkəzi, Tələbə Turizm Assosasiyası, Kitabxana, Kompyuter Mərkəzi, Foto Studiya magistrantların elmi-nəzəri biliklərə yiyələnmələrinə, dünyagörüşlərini artırmağa, vətənpərvərlik xüsusiyyətlərinin formalaşmasına xidmət edir. Hələ 1997-ci ildən fəaliyyətə başlamış magistraturada hazırda 238 nəfər təhsil alır ki, onlardan 14-ü  xarici ölkə - Türkiyə, İran və Cənubi Koreya vətəndaşlarıdır. 2014-2015-ci tədris ilində 27 istiqamət, 43 ixtisaslaşma üzrə əyani və qiyabi şöbədə 190 magistr üçün yer ayrılıb.
Biblioqrafiyaşünaslıq ixtisası üzrə I kurs magistrant Aysu Qəhrəmanlı “Müasir kitabxanalarda informasiya təhlükəsizliyinin təmin edilməsi” mövzusunda məruzə edib.

Konfransda elmi-ictimai fəallığına görə "İlin magistrantı" seçilən, 17-dən artıq məqalə və 3 kitab müəllifi olan, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası ixtisası üzrə II kurs magistrantı İlkin Əsgərə diplom təqdim olunub.

Elmi konfrans öz işini müxtəlif ixtisaslar üzrə 19 bölmə iclası ilə davam etdirib.

Naxçıvan Dövlət Universiteti ilə yanaşı, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universiteti magistrantlarının da iştirak etdiyi elmi konfransda 87 məruzə dinlənilib, onlardan ən yaxşılarının müəlliflərinə xüsusi diplomlar təqdim olunub.