Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ İLƏ AMEA TORPAQŞÜNASLIQ VƏ AQROKİMYA İNSTİTUTU ARASINDA ANLAŞMA MEMORANDUMU

21.05.2015

 

Naxçıvan Dövlət Universiteti ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Memorandum imzalanmazdan əvvəl çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov imzalanacaq bu müqaviləni əməkdaşlıq baxımından müsbət qiymətləndirib. Rektor, müqavilənin hər iki elm müəssisəsi  arasında  əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə təkan verəcəyini bildirib. “Naxçıvanda elm və təhsilə hərtərəfli qayğının göstərilməsi bütün regionda elm və təhsilin inkişafına böyük töhfədir və mədəni əlaqələrin yüksəlməsinə xidmət edir” - deyən  rektor nəzərə çatdırıb ki, yaradılan şərait, NDU ilə digər elm müəssisələrinin öz potensiallarını birləşdirərək uğurlu nəticələr əldə etməsinə imkan yaradır.

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev qeyd edib ki, - “Torpaqşünaslıq və Aqrokimya İnstitutu torpaq və aqrokimyəvi tədqiqatlar apararaq son nəticələrin tətbiqini istehsalata yönəldir. Yəni bizim nəticələr kənd təsərrüfatının müxtəlif sahələrində şoranlaşmaya və irriqasiya erroziyasına qarşı mübarizə yollarına, torpaqda münbitliyin bərpasına, gübrənin norma əsasında verilməsinə, sonda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınmasına xidmət edir. Bu gün AMEA-nın  “Elm-Təhsil-İstehsalat” və ya “Təhsil-Elm-İstehsalat” prinsipinə əsaslanaraq fəaliyyətini qurması ölkənin ərzaq ehtiyatının yaradılmasına və artırılmasına  köməklik göstərir. Bizim məqsədimiz NDU ilə əməkdaşlıq edib, yüksək dərəcəli elmi  kadrların tədrisə cəlb olunmasına,  magistrantların AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bazasından yararlanmağa şərait yaratmaqdır”.

Sonra Naxçıvan Dövlət Universiteti və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında kadr hazırlığı, elmi-tədqiqat və istehsalatın elmi əsaslarla təşkili sahəsində ümumi maraqlara əsaslanaraq əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Müqaviləni, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev imzalayıblar.

Qeyd edək ki, imzalanmış memorandumda torpaqşünaslıq, aqrokimya, və ekologiya elmlərinin qarşılıqlı maraq doğuran sahələrində və innovasiya istiqamətlərində elmi kadr hazırlığı sahəsində birgə iştirak, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyyətinin, elmi işçilərin, magistr və doktorantlarının AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvafiq şöbələrində, elmi-tədqiqat laboratoriyalarında  ixtisasartırma, elmi-tədqiqat, çöl təcrübələrinin və staj keçmələrinin təşkili, birgə elmi simpozium, seminar və konfransların keçirilməsi, qarşılıqlı maraq doğuran beynəlxalq və yerli layihələrdə birgə iştirak və s. məsələlər öz əksini tapıb.