Sayt xəritəsi

XƏBƏRLƏR

RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT

25.05.2015

 

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin Musiqi təlimi kafedrasının solo oxuma ixtisası üzrə təhsil alan tələbələrinin 28 May Respublika gününə həsr olunmuş konserti olub.

Əvvəlcə Musiqi təlimi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov solo oxuma ixtisası üzrə təhsil alan tələbələrin uğurlu fəaliyyətləri haqqında məlumat verib.

Konsertin proqramında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Ramiz Mirişli, Tofiq Quliyev, Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Rauf Hacıyevin ölməz bəstələri səsləndirilib. Tələbələrdən Nurbəniz Niftəliyeva, Məhərrəm Quliyev, Vəli Nəsirov, Nigar İbrahimova, Bəhruz Quliyev, Rahim Əsgərzadə və başqalarının oxuduğu mahnılar tamaşaçı alqışları ilə müşaiyət olunub. Tələbələrin ifa etdikləri musiqi nömrələri onların musiqi nəzəriyyəsinə, sənətkarlıq səriştəsinə yiyələnməkdə olduqlarını təsdiqləyib.

İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərov konsertlə bağlı fikirlərini bölüşüb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirin 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündə - 28 May Respublika Günü ərəfəsində keçirildiyini nəzərə çatdırıb. Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Gülyanaq Fərzəliyevanın gərgin əməyinin nəticəsində ərsəyə gələn konsertdə tələbələrin musiqi hazırlığından, səhnə mədəniyyətindən razılığını bildirən rektor, qeyd edib ki, - “Üz tutduqları zəngin proqram və yüksək ifaçılıq məharəti əsl mənada tələbə-ifaçıların və eləcə də onların müəllimlərinin zəhmətinin nəticəsini bir daha təsdiq edir”. Natiq, bu cür konsertlərin keçirilməsinin nə qədər böyük əhəmiyyəti olduğunu vurğulayıb, müəllim və tələbələrə gələcəkdə repertuarlarını daha da genişləndirməyi tövsiyə edib.