Sayt xəritəsi

XƏBƏRLƏR

ALİ MƏKTƏBLƏRİN REYTİNQİNİN MÜƏYYƏN EDİLMƏSİ İLƏ BAĞLI LAYİHƏNİN YEKUNUNUN MÜZAKİRƏSİ OLMUŞDUR

26.05.2015

 

Naxçıvan Dövlət Universitetində “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin yekununun müzakirəsi olmuşdur. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov xatırlatmışdır ki, 2014-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri olan təhsil müəssisələrinin reytinq sisteminin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yüzdən artıq hökümət və qeyri hökümət təşkilatlarının iştirakı ilə  “İctimai təşəbbüslərə dəstək” müsabiqəsi təşkil etmişdi.  Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatı (AKTAM) “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi ilə müsabiqənin qalibi olaraq layihəni həyata keçirmək üçün dövlət sifarışı almışdı. Layihəyə əsasən ilk dəfə Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəli hazırlanmış, ali məktəblərin fəaliyyəti müqayisəli qiymətləndirilərək ölkə ictimaiyyətinə çatdırılmışdır. Tədqiqat nəticəsində Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yer tutmuş, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer almışdır. Rektor vurğulamışdır ki, bu uğur Azərbaycanda, o cümlədən Naxçıvanda elm və təhsilin inkişafına, ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, kadr hazırlığına göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində qazanılmışdır.             

“Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin rəhbəri, AKTAM təşkilatının sədri Natiq Əhmədov çıxış edərək bildirmişdir ki, 1994-cü ildə yaradılan bu qeyri-hökümət təşkilatı keçmiş SSRİ-nin aparıcı ali məktəblərində təhsil almış mütəxəssisləri, 2000-dən artıq üzvü öz ətrafında birləşdirir. Təşkilat "Təhsil kreditləri haqqında" qanun layihəsinin təhlili, təbliği, ictimai müzakirəsi və qəbulu, xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin internetdə məlumat bazalarının yaradılması, qaçqın, məcburi köçkün tələbə gənclərin müxtəlif kurslara cəlb edilməsi istiqamətində əhəmiyyətli işlər görmuş, bu gün də müxtəlif layihələri uğurla həyata keçirməkdədir. Natiq Əhmədov Azərbaycanın beynəlxalq səviyyədə təhsil sahəsindəki mövqeyindən bəhs edərək sözügedən layihənin gerçəkləşdirməsi barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində beynəlxalq səviyyədə qəbul olunmuş metodikaya əsasən, respublikanın ali məktəblərində tədrisin keyfiyyətini qiymətləndirmək məqsədilə çoxistiqamətli tədqiqatlar aparılmış, ali məktəblərin milli reytinq cədvəli beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmışdır. Reytinq tədqiqatları 20 dövlət, 12 qeyri-dövlət ali təhsil müəssisələri və Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı arasında aparılmış, hazırlanmış forma qiymətləndirmək üçün 17 nazirlik və komitəyə, özəl müəssisələrə göndərilmişdir. Ali məktəblərin reytinq tədqiqatları keyfiyyət göstəriciləri bir-birindən asılı olmayan 3 müstəqil kateqoriyaya əsasən aparılmışdır. Naxçıvan Dövlət Universiteti bu kateqoriyalardan ali məktəbin akademik resursları üzrə 320, ali məktəbin daxildən müəllim və tələbələr tərəfindən qiymətləndirilməsi üzrə 192, ali məktəbin məzunlarının ölkə ictimiyyəti, mərkəzi və regional  icra orqanları, müxtəlif kampaniyalar tərəfindən qiymətləndirilməsi üzrə 287 bal toplayaraq 799 yekun balla birincilik əldə etmişdir. Naxşıvan Dövlət Universiteti və ilk beşliyə daxil olan digər ali məktəblər beynəlxalq regional reytinq tədqiqatlarında iştirak etmək hüququ qazanmışlar. Layihəyə əsasən iki ildən bir aparılacaq tədqiqatlar ölkənin ali təhsil müəssisələri arasında sağlam rəqabətin formalaşmasına, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına. ali təhsil sistemində mövcud olan nöqsanların üzə çıxarılaraq aradan qaldırılmasına xidmət edəcək.                    

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə elmlər doktoru, professor Oruc Həsənli çıxışında regionda fəaliyyət göstərən ali məktəbin reytinqdə birinci olmasını, rəhbərlik etdiyi ali təhsil ocağının isə ilk onluqda yer almasını mühüm hadisə kimi qiymətləndirmişdir. Bu bir daha təsdiq edir ki, son illər Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin fəaliyyətləri gücləndirilmiş, ali təhsil müəssisələrində tədrisin müasir tələblər səviyyəsində təşkilinə diqqət artırılmışdır.