Sayt xəritəsi

XƏBƏRLƏR

“ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN AZƏRBAYCAN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ İNTEQRASİYASININ TƏMƏLİNİN QOYULMASI” LAYİHƏSİ SEMİNARI

28.05.2015

 

18 may 2015-ci ildə Naxçıvan Dövlət Universitetində Tempus-ESFİDİP “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” layihəsinə əsasən seminar keçirilmişdir.
Layihənin təbliği ilə əlaqədar olaraq  keçirilən bu seminarda universitetin inzibati və elmi heyəti, pedaqoji, hüquq, tibb, beynəlxalq münasibətlər və xarici dillər fakültələrinin müəllim-tələbə heyəti  və layihənin yerli komanda üzvləri iştirak etmişlər.

 Layihənin universitet üzrə koordinatoru Şamxal Məmmədov layihə haqqında geniş təqdimat verməklə, layihənin gedişatı müddətində indiyə qədər görülən bütün işlər və gələcək fəaliyyətlə bağlı tədbir iştirakçılarını ətraflı məlumatlandırdı. Şamxal Məmmədov qeyd etmişdir ki, Azərbaycanın 6 ali məktəbi ilə Avropa Birliyinin TEMPUS proqramının həyata keçirdiyi “Əlilliyi olan şəxslərin Azərbaycan Ali Təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı bu layihə 4 il ərzində həyata keçiriləcəkdir. Layihə nəznində Naxçıvan Dövlət Universiteti də öz növbəsində fəal tərəfdaş kimi bu layihəyə qoşulmuş, öz üzərinə düşən öhdəlikləri tez və operativ şəkildə yerinə yetirməyə başlamışdır. İlkin addım kimi isə layihə çərçivəsində öz daxili heyətini formalaşdırmış və fəaliyyətə başlamışdır. Heyətin bu istiqamətdə ilk sahə tədqiqatı hazırlanmış sorğuların keçirilməsindən ibarətdir. Əlbəttə ki bu sorğunun hazırlanması və keçirilməsi bütün layihə əməkdaşlarının birgə əməyinin nəticəsidir. Keçirilən sorğunun məqsədi ali təhsil müəssisələrində əlilliyi olan şəxslərin təhsili, müəllim-tələbələrin onlara münasibətləri, təhsillərinə mane olan səbəblər, çətinliklər, inklüziv təhsilin tədrisi, əlillik haqqında insanların düşüncələri, təklif və tövsiyyələrini öyrənməktən ibarətdir.

 Tədbirdə vurğulandı ki, universitetin nəznində fəaliyyətə başlayacaq  “Əlil tələbələrə dəstək mərkəzi”-nin növbəti tədris ilindən açılması gözlənilir. Mərkəzə müasir lazımi avadanlıqların və tədris materiallarının alınması da nəzərdə tutulmuşdur. Bu mərkəzin universitet üçün əhəmiyyətindən danışıldı. Layihə çərçivəsində əsasnamənin hazırlanması və ardıcıl digər işlərin yerinə yetirilməsindən ətraflı bəhs edildi.