Sayt xəritəsi

XƏBƏRLƏR

ƏN MEHRİBAN, ƏN ƏZİZ TƏLƏBƏLİK İLLƏRİ!..

02.06.2015

 

Naxçıvan Dövlət Universitetində ənənəvi məzun günü keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda elm və təhsilin inkişaf strategiyasının uğurlarından, muxtar respublikada gənclərin ali təhsil alması, yerli kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Rektor, universitetin müxtəlif sahələrdə qazandığı nailiyyətlərdən söz açaraq bildirib ki, tələbəlik illəri insan ömrünün ən məsuliyyətli, ən şərəfli dövrüdür. İnsanın əqli, fiziki cəhətdən formalaşması, dünyagörüş, intellekt qazanması, özünüdərki məhz bu dövrə təsadüf edir. Ona görə də, Naxçıvan Dövlət Universitetinin çoxsaylı kollektivi, professor-müəllim heyəti tələbə gənclərin əsl ziyalı, kamil mütəxəssis, başlıcası isə layiqli vətəndaş kimi yetişməsi üçün var-qüvvələrini əsirgəməməlidir.  Bildirilib ki, 2014-2015-ci tədris ilində universiteti bakalavr pilləsi üzrə 928, magistratura üzrə 136 nəfər bitirib. 218 nəfər isə ikinci ali təhsili başa vurub. Builki məzunlardan 38 nəfəri xarici ölkə vətəndaşıdır. Muxtar respublika rəhbəri məzunların ixtisaslı kadr kimi işlə təmin olunmasına xüsusi qayğı göstərir. Rektor, məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində, şəxsi həyatlarında nailiyyətlər arzu edib.

Məzunlar adından Tarix-filologiya fakültəsini bitirən Svetlana Ağasoy, Sosial idarəetmə və hüquq fakultəsində Prezident təqaüdçüsü kimi ali təhsilini uğurla başa vuran Ramazan Abdullayev elmin çətin və məsuliyyətli yollarında onlara dəstək olmuş müəllimlərinə, universitet kollektivinə minnətdarlıq ediblər. Çıxış edənlər vurğulayib ki, dövlətin tələbə gəncliyə göstədiyi yüksək etimad və qayğını unutmayacaq, ölkənin, təhsil aldıqları ali məktəbin adını layiqincə doğruldacaqlar.                                       
Məzun günü İncəsənət fakültəsinin, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərlik etdiyi Tələbə Teatr Studiyasının hazırladığı rəngarəng konsert proqramı ilə davam edib. İncəsənət fakültəsinin “Buta” xalq çalğı alətləri ansamblının müşayiəti, Elnur Rzayev, Bəhruz Quliyev, Nurbəniz Niftəliyeva, Aysel Eminli, Xalidə  Məmişova və digərlərinin iştirakı ilə mahnı və rəqslər, şeirlər təqdim olunub. Sevinc və fərəh, nostalji dolu xoş anlar yaşadan, bayram əhval-ruhiyyəli tədbirin sonunda məzunlar səhnəyə dəvət olunub, məzun simvolu olan 4 künclü akademik keplərin atılması mərasimi keçirilib, xatirə şəkilləri çəkdirilib.