Sayt xəritəsi

XƏBƏRLƏR

“AZƏRBAYCANDA TƏHSİL QURUCULUĞUNUN PRİORİTETLƏRİ: MÜASİR YANAŞMALAR” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS

05.06.2015

 

Naxçıvan Dövlət Universitetində, Azərbaycan Respublikası Təhsil  Nazirliyi, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi “Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Pedaqoji tədqiqatlar sahəsində tanınmış şəxslər, ali və orta məktəb müəllimlərinin də iştirak etdiyi konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikasının  Təhsil naziri Piri Nağıyev Azərbaycanda aparılan təhsil islahatlarının uğurlarından, muxtar respublikada təhsilin inkişaf səviyyəsindən danışıb. ”Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan təhsilinin böyük hamisi, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan təhsilini himayə etməsi, təhsilin gələcək inkişaf yollarını müəyyənləşdirməsidir. Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan təhsili də bugünkü səviyyəyə gəlib çata bilməzdi” - deyən nazir bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr, bütövlükdə müasir təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bugün uğurla davam etdirilir. Nazir bu sahəyə göstərilən dövlət qayğısından bəhs edərək vurğulayıb ki, Azərbaycan Respublikasının bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ölkə Prezidentinin təhsil sahəsində müəyyənləşdirdiyi vəzifələr uğurla həyata keçirilməkdədir. Bu gün muxtar respublikanın tam orta məktəblərində 600-dən çox elektron lövhə, 3700 kompüter şagirdlərin istifadəsinə verilib.  Təhsil naziri çıxışında bu cür elmi konfransların yüksək əhəmiyyət kəsb etdiyini də bildirib.

”Müasir dövrdə şəxsiyyətin formalaşmasında məktəbdənkənar təlim və tərbiyənin rolu” mövzusundakı məruzəsində Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov elm və təhsilin  qarşılıqlı əlaqələrindən və paralel inkişaf istiqamətlərindən, regionda elmi kadr hazırlığı prosesində ali təhsil müəssisələrinin müstəsna rolundan danışıb. Vurğulanıb ki, insanların formalaşdırılması, həyat üçün hazırlanması yalnız təlim - tərbiyə müəssisələrinin işi ilə məhdudlaşmır. Çünki, hər bir insan - uşaq, yeniyetmə, gənc, işçi – həm də bir  ailənin üzvü, bir mühitin yaşayanı, bir kollektivin nümayəndəsi, bir idarənin işçisidir. Bu birliklər, mühit, insanlara müxtəlif təsirlər göstərir. Ona görə də ali təhsil müəssisələrində də pedaqoji biliklər verilməsi, cəmiyyətdə pedaqoji biliklərin təbliği əsasdır. Natiq,  Azərbaycan elminin, təhsilinin dinamik inkişafını, elmi kadrların hazırlanmasını, elmi potensialın gücləndirilməsini, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirib. Elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan Azərbaycan Respublikası Təhsil nazirinin müavini bu uğurlu siyasətin Azərbaycan elminə dəyərli töhfələr verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ”Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi” mövzusundakı məruzəsində rəhbərlik etdiyi ali təhsil ocağında elektron təhsil sahəsində görülən işlərdən danışıb. Saleh Məhərrəmov bildirib ki, muxtar respublika rəhbərliyinin qayğısı ilə bu ali məktəb ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Universitetdə, 108 hektarlıq ərazini əhatə edən "Wi-Fi" internet şəbəkə sistemi mövcuddur və virtual əlaqələr genişlənib. İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində quraşdırılan server avadanlıqları, elektron mühafizə və müşahidə sistemləri, Media mərkəzində Universitet televiziyası və “Nuhçıxan” radiosunun verilişlərinin Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatda yayımlanması, video və slayd şəklində mühazirə kontentlərinin hazırlanması barədə danışan natiq, universitetdə sənəd dövriyyəsi prosesinin elektron üsulla aparıldığını da nəzərə çatdırıb. Vurğulanıb ki, universitetdə İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi kamera-nəzarət sistemi, server və texniki təminat otaqları mövcuddur. 202 IP telefon quraşdırılaraq universitet vahid telefon şəbəkəsinə qoşulub. Mərkəzi server xüsusi təhlükəsizlik proqramları ilə təchiz olunub, kamera-nəzarət sisteminə birləşdirilən 47 videokamera vasitəsilə imtahanların gedişini birbaşa izləmək, yaddaşda saxlamaq və universitet ərazisinə nəzarət etməyin mümkün olduğu bildirilib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə elmlər doktoru, professor Oruc Həsənli ”Şəxsiyyətyönümlü kurikulumların idrak mahiyyəti” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, təhsil sahəsində kurikulum islahatının həyata keçirildiyi bir dövrdə müəllimlərin qarşısında duran əsas vəzifə milli-mənəvi və ümumbəşəri dəyərlərə malik, geniş dünyagörüşlü, təşəbbüskar və yenilikləri qiymətləndirməyi bacaran şəxsiyyət formalaşdırmaqdır. Natiq bildirib ki, şagirdlərin şəxsiyyət kimi inkişafında təfəkkürün formalaşdırılması çox mühüm amildir. Bu mənada şəxsiyyətin formalaşmasında yaradıcı, məntiqi və tənqidi təfəkkürün inkişafı xüsusi rol oynayır.

Plenar iclasda Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun ”Müasir məktəb, sosial çağrışlar və müəllimlik missiyası”, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasovun ”12 illik təhsilin xarakterik xüsusiyyətləri”, Türkiyə Rəhbərlik və Elmi Tədqiqat Mərkəzinin  əməkdaşı Mehmet Önəmlinin ”Uşaqlarda kəkələmə”  mövzularında məruzələri dinlənilib.

Qeyd edək ki, plenar iclasda Naxçıvan Dövlət Universitetinin inkişaf yolunu əks etdirən slaydlar nümayiş olunub.

Iki gün davam edən elmi konfrans öz işini “Şəxsiyyətyönümlü təhsil”, “Təhsilin idarə olunması”, “Təhsildə innovativ təlim metodları və texnologiyalarının tətbiqi”, “Tərbiyə texnologiyalarından istifadə”, “Psixologiya, korreksiya pedaqaqogikası, inkuliziv təhsil”, “Rəqabətqabilliyyətli pedaqoji kadr hazırlığının aktual problemləri”, “Məktəb və pedaqoji fikir tarixi” mövzuları ilə 7 bölmə iclasında davam etdirib.

Bölmə iclaslarında 160-dan çox alim və mütəxəssis, tanınmış ziyalıların məruzələri dinlənilib.