Sayt xəritəsi

XƏBƏRLƏR

TƏLƏBƏNİN FƏRDİ SƏRGİSİ KEÇİRİLİR

08.06.2015

 

Naxçıvan Dövlət Universitetində rəsm sərgisi tamaşaçılara təqdim edilib. Universitetin təsviri-incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Turanə Hüseynovanın müxtəlif janrlarda yaratdığı 30 əsəri sərgidə nümayiş olunur.

Fərdi yaradıcılıq sərgisində çıxış edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə dövlət başçısının və muxtar respublika rəhbərliyinin böyük dəstək və qayğısı sayəsində yaradılan güclü maddi-texniki bazanın yüksək intellektli, müasir dövrün tələblərinə cavab verən potensiallı kadrların yetişməsinə tam zəmanət verdiyini diqqətə çatdırıb. Natiq, universitetdə dəfələrlə ayrı-ayrı tədbirlərlə bağlı istər fərdi, istərsə də müxtəlif mövzularda rəsm sərgilərinin təşkil olunduğunu, təhsil ocağında artıq professional rəssamlıq məktəbinin formalaşdığını qeyd edib. Rektor, fərdi üslubu və təkrarsızlığı ilə seçilən növbəti rəsm sərgisinin müəllifi Turanə Hüseynovaya bu yolda nailiyyətlər diləyib.

Azərbaycan Respublikasının Xalq Rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Mübariz Əsgərov və digər çıxış edənlər qeyd ediblər ki, rəssamlar muxtar respublika rəhbərinin diqqət və qayğısı müqabilində səmərəli fəaliyyətlərini daha da genişləndirir, yaradılmış şəraitdən düzgün istifadə etməklə muxtar respublikada mədəniyyətin inkişafına öz töhfələrini verirlər. Çıxışlarda, ilk fərdi sərgisi keçirilən gənc rəssama yeni-yeni yaradıcılıq uğurları arzulanıb.

Sonda müəllif Turanə Hüseynova ürək sözlərini tədbir iştirakçılarına çatdırıb.

Qeyd edək ki, sərgi universitetin konservatoriya binasının sərgi salonunda bir neçə gün sənətsevərlərin ixtiyarında olacaq.