Sayt xəritəsi

XƏBƏRLƏR

İDMAN – SAĞLAM GƏNCLİK VƏ SAĞLAM GƏLƏCƏK NAMİNƏ

09.06.2015

 

Naxçıvan Dövlət Universitetində ali məktəbdə idmanın inkişafı və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkədə, o cümlədən muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, bu günlərdə başlayacaq “Bakı – 2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanda idmanın inkişafına göstərilən diqqətin, ölkənin iqtisadi qüdrətinin təzahürüdür. Rektor, Naxçıvan Dövlət Universitetində idmanın ən müxtəlif növlərinin inkişafı məqsədilə yaradılan maddi-texniki baza, gənclərin fiziki hazırlığı, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlər, ali məktəbin son illər idmanda qazandığı nailiyyətlər barədə danışıb. Qeyd olunub ki, idmanın inkişafı tələbələrin fiziki və mənəvi sağlamlığı, onların asudə vaxtlarının düzgün təşkili və zərərli vərdişlərdən çəkindirilməsi baxımından da əhəmiyyətlidir.    Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, Tələbə İdman Klubunun sədri  Məmmədəli Rəhimov universitetin idman uğurlarına nəzar salaraq xatırladıb ki, futbol, qızlardan ibarər badminton komandaları müxtəliv vaxtlarda Azərbaycan çempionu olub, tələbə idmançılarımız beynəlxalq yarışlarda, hətta dünya universiadasında uğurlu nəticələr göstərib. Birinci Avropa Oyunlarına vəsiqə qazanan ilk naxçıvanlı idmançı, boks üzrə Azərbaycan Respublikasının çempionu Tayfur Əliyev də məhz Naxçıvan Dövlət Universitetinin tələbəsidir.   

Tədbirdə idman yarışlarının təşkili, birinci kurs tələbələrinin idmana cəlb olunması ilə bağlı məsələlər, mövcud problemlər müzakirə olunub. Sonra müxtəlif idman yarışlarında qalib gəlmiş komandalara və idmançılara diplom və kuboklar təqdim olunub. Təltif olunanlar arasında "Naxçıvan-Open 2015” beynəlxalq şahmat festivalında  “B” turnirində 9 oyundan 7.5 xal toplayaraq 1-3-cü yerləri bölüşmüş  tələbə Toğrul Həsənzadə, 2015-ci il Azərbaycan Respublikası Ali Məktəb tələbələrinin XII Universiadasında III yer tutmuş qızlardan ibarət badminton komandası, 2015-ci il Naxçıvan Muxtar Respublikası alpiniadasında şəxsi birincilikdə I yer tutmuş Samid Sadiqov, II yer tutmuş Yuris Allahverdiyev, III yerlə kifayətlənən Ramid Yaqubov olub. Ümummilli lider heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş peyntbol üzrə ali və orta ixtisas tələbələri arasında keçirilən Naxçıvan Muxtar Respublikası turnirinin, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş velosiped idmanı üzrə Naxçıvan Muxtar Respublikası birinciliyinin qalibləri də universitet komandaları olub. Duzdağa 10 km məsafəyə qaçışda isə universitet idmançıları ümumi komanda hesabı ilə II yer əldə ediblər. Tədbirdə Naxçıvan Dövlət Universitetinin XII Universiadasında qalib gələn və fərqlənən komandalar da təltif olunub. Universiadada stolüstü tennis və kişilər arasında keçirilən voleybol yarışların qalibi Pedaqoji fakültə olub, qızlar arasında keçirilən voleybol yarışı və futzal üzrə isə Tibb fakültəsi qələbə əldə edib.        

Rektor qələbə qazanan idmançıları təbrik edərək onlara ruh yüksəkliyi və əzmkarlıqla fəaliyyətlərini davam etdirmək, daha böyük uğurlar qazanmaq arzu edib.