Sayt xəritəsi

XƏBƏRLƏR

14 İYUL - TƏRƏQQİ, YÜKSƏLİŞ VƏ İNTİBAHIN BAŞLANĞIC GÜNÜ

13.07.2015

 

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev universitetinin növbəti, 198-ci məşqələsi keçirilib. “Tərəqqi, yüksəliş və intibahın başlanğıc günü” mövzusunda keçirilən məşğələni giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ümummilli lider Heydər Əliyevin istər totalitar sovet rejimi, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu zaman Azərbaycan xalqı raşısında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Qeyd olunub ki, 1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra keşmiş ittifaqın tənəzzül etməkdə olan bu respublikası öz inkişaf yoluna qədəm qoydu. Azərbaycan qısa bir zamanda aqrar ölkədən sənaye ölkəsinə çevrildi. Burada bir sıra ittifaq əhəmiyyətli sənaye müəssisələri salındı, əhalinin maddi-rifah halı yaxşılaşdırıldı, yeni iş yerləri açıldı. Azərbaycan tarixinin, mədəniyyətinin qorunması və təbliği, Azərbaycan dilinin dövlət dili statusu qazanması, milli elm və təhsilin, səhiyyənin inkişafı istiqamətində mühüm işlər görüldü. Müstəqillik illərində Azərbaycanda xarici və daxili siyasətin düzgün müəyyənləşdirilməsi, dinamik inkişafa və ərazi toxunulmazlığına nail olunması məhz ümummilli liderin çoxillik siyasi səriştəsinin nəticəsidir.            

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev mövzu ilə bağlı ətraflı məruzə edərək ümummilli liderin sovet hakimiyyəti illərindəki fəaliyyəti dövründə Azərbaycanı müstəqil gələcəyə aparan məqsədyönlü siyasət yürütməsindən danışıb. Qeyd olunub ki, 1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə kənd təsərrüfatının və sənayenin ən müxtəlif sahələri inkişaf etdi, ölkədə 250 yeni müəssisə yaradıldı. Yeni-yeni orta və ali ixtisas məktəbləri açılması, elm və təhsil işçilərinə diqqət və qayğı göstərilməsi, gənclərimizin digər respublikalarda ali təhsil almalarını təşkil etmək hesabına Azərbaycan elmi, təhsili tərəqqi etdi. Azərbaycan SSRİ-nin ən qabaqcıl müttəfiq respublikasına çevrildi, öz güclü iqtisadi potensialını, intellektual bazasını yaratmış oldu. Ümummilli lider bu illərdə milli təfəkkür və şüur səviyyəsini inkişaf etdirməklə, doğma dilimizi, tariximizi, ədəbiyyatımızı sevdirməklə milli ideologiyanın formalaşmasında da mühüm rol oynadı. Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkənin tərəqqi, yüksəliş və intibahının təməlini qoydu, gələcək müstəqilliyini qarantiya etmiş oldu. Ümummilli liderin hər iki hakimiyəti dövründəki siyasi fəaliyyəti dünya diplomatiyasına qızıl hərflərlə yazılacaq bir məktəbdir. Təsadüfi deyil ki, bugünkü Azərbaycan məhz bu sağlam bünövrə üzərində, ümummilli liderin ideyalarını sədaqətlə davam etdirmək yolu ilə dünyanın inkişaf etmiş, beynəlxalq nüfuz qazanmış, tərəqqipərvər bir ölkəsinə çevrilib.                     

Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru Mübariz Nuriyev  ümummilli lider Heydər Əliyevin ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycana rəhbər seçildikdən sonra ölkənin qazandığı iqtisadi, siyasi uğurlardan danışıb.