Sayt xəritəsi

XƏBƏRLƏR

YENİ TƏDRİS İLİNƏ YENİ UĞURLARLA

10.09.2015

Naxçıvan Dövlət Universitetində yeni tədris ilinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq kollektivi qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edib, uğurlar arzu edib. Rektor bildirib ki, ötən tədris ili ali məktəb üçün elm, tədris, beynəlxalq əlaqələrin inkişafı sahəsində bir sıra uğurlarla əlamətdar olub. Az qala yarım əsrlik bir tarixə malik, çoxillik ənənələrə söykənən  ali təhsil ocağı bu gün müasir dünya təhsil sisteminin tələbləri səviyyəsində inamla inkişaf edir. Universitetin maddi-texniki bazasının gücləndirilməsinə bilavasitə dövlət qayğısının nəticəsidir ki, ötən tədris ilində müasir avadanlıqlarla təchiz olunmuş yeni tədris laboratoriyaları, fənn kabinələri müəllim və tələbələrin ixtiyarına verilib. Universitet xəstəxanası və “baytarlıq təbabəti” ixtisası üçün yeni binaların istifadəyə verilməsi müvafiq ixtisasların əyani şəkildə, daha mükəmməl öyrədilməsinə xidmət edir. Ali təhsil ocağı müasir informasiya kommunikasiya vasitələrinin tətbiqi, elektron universitet, imtahanların elektron test üsulu  ilə şəffaf və obyektiv keçirilməsi istiqamətində əhəmiyyətli uğurlara imza atıb. Dünya təhsil sisteminə inteqrasiya, təcrübə mübadiləsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində görülən işlərə gəldikdə, 80-dən çox tanınmış dünya universitetləri ilə əməkdaşlıq edən bu ali məktəb Tempus proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələrin iştirakçısıdır. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə  hazırlanan “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin 2015-ci ildə uğurla tamamlanması Azərbaycan ali təhsil tarixində mühüm hadisədir.

Tələbə mobilliyi sahəsində də uğurlu addımlar atılıb. Belə ki, TEMPUS, HUMERİA, Mövlana  proqramları çərçivəsində universitetin onlarla tələbəsi öz təhsillərini qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif ali məktəblərində, Rusiyada, Gürcüstanda, Cənubi Koreyada, Ruminyada, Çexiyada davam etdiriblər. Naxçıvan Dövlət Universiteti mübadilə yolu ilə gələn xarici tələbələrə də uğurla ev sahibliyi edir.  Doktorantura pilləsində universitetdə təhsil alan tələbələr sırasında Slovakiya və Polşa vətəndaşları da var. Rektor yeni tədris ilində tədrisin keyfiyyətinin, nizam-intizamın artırılması, tələbələrin təhsilə, ictimai işlərə fəal cəlb olunması ilə bağlı qarşıda duran vəzifələrdən danışıb, bir sıra tapşırıqlar verib.                            

Universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Surə Seyid universitetin 2015-2016-cı tədris ilinə mühüm nailiyyətlərlə qədəm qoyacağını vurğulayıb. Baloniya siteminin, distant təhsilin, tədris sahəsində bir sıra yeniliklərin  tətbiqindən danışan prorektor bildirib ki,  “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərən elektron təhsil şəbəkəsinin yaradılması, yüksək keyfiyyətli təhsil üçün universitetin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədris işləri üzrə prorektor  universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatların, tədrisə aid bütün sənədləşmə işləri və elektron imzaların hazırlanması, müəllimlərin mühazirələrinin video və slayd şəklində universitetin internet portalındakı “Elektron mühazirə” bölməsinə yerləşdirilməsi, arxivləşmə işi ilə bağlı məlumat verib, yeni formaya uyğun tələbə biletlərinin, ilkin olaraq birinci kurslarda tətbiq olunacaq elektron jurnalların hazırlanması, semestr imtahanlarının yeni sistemlə həyata keçirilməsi istiqamətində görüləcək işlərdən bəhs edib.