Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ BİLİK GÜNÜ QEYD OLUNUB

15.09.2015

15 sentyabr Bilik günü ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bayram əhval ruhiyyəsi, təntənə ilə qeyd olunur. Bu münasibətlə Naxçıvan Dövlət Universitetində də tədbir keçirilib.Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açaraq müəllim və tələbələrin yeni tədris ilini təbrik edib, uğurlar arzu edib. Rektor Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti az qala yarıməsrlik tarixi inkişaf yolu keçən, çoxillik ənənənlərə söykənən, yuksək ixtisaslı mütəxəsisslər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. 12 fakültə, 56 ixtisasın fəaliyyət göstərdiyi, 5000-dən çox tələbənin ali təhsil aldığı universitetdə müasir tədris korpusları, Tələbə Sosial Xidmət mərkəzi, Tələbə Evi, Qonaq evi, idman meydançaları, xəstəxana mövcuddur. Ali təhsil almaq üçün Naxçıvan Dövlət Universitetini seçən yüksək bal toplayan abituriyentlərin, xarici ölkə vətəndaşlarının sayı artmaqdadır. Bu il 960 bakalavr, 114 magistr, o cümlədən 31 nəfər 600 və 600-dən yuxarı bal toplayan gənc bu ali məktəbin tələbəsi adını qazanıb .         

Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid “Boloniya prosesi: vəzifələr və perspektivlər” mövzusunda məruzə edərək xatırladıb ki, Naxçıvan Dövlət Universiteti 2009-cu ildən Boloniya prosesinə qoşulub və 2012-ci ildən bu prosesin tətbiqinə başlanıb. Bu istiqamətdə bir sıra işlər görülüb, elektron təhsil şəbəkəsi yaradılıb. Məruzədə kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin təşkilinin ümumi müddəaları, əsas səciyyəvi xüsusiyyətləri, sənədləşmə, qiymətləndirmə prinsipləri, kredit sistemində tədris-metodiki təminat, tədris prosesindəki yeniliklər, yay məktəbinin təşkili qaydaları, tyutorların iş prinsipləri, tələbə və müəllimlərin mobilliyinin təmin olunması və digər məsələlər barədə məlumat verilib.                    

Tədbirdə  692 balla Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasına qəbul olmuş Təranə İsmayılova, Fizika-riyaziyyat fakültəsində Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə ali təhsil alacaq, 687 bal toplamış Bətulə Əlizadə, 685 balla Tibb fakültəsinin Müalicə işi ixtisasının tələbəsi adını qazanan  Rza Cəbiyev çıxış edərək ölkədə təhsilə yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına görə minnətdarlıq edib, müəllimlərinin etimadını doğruldacaqlarını bildiriblər. Sonda 650-dən yuxarı balla universitetə qəbul olan 12 tələbəyə tələbə bileti və qiymət kitabçası, “Naxçıvan Ensiklopediyası” təqdim olunub. Tədbirdə universitetin tarixi inkişaf yolunu əks etdirən slayd nümayiş olunub.