Sayt xəritəsi

XƏBƏRLƏR

NDU-DA AVROPA BİRLİYİ ARAŞDİRMALARI MƏRKƏZİ İSTİFADƏYƏ VERİLİB

20.09.2015

Naxçıvan Dövlət Universitetinin  Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsi nəzdində Xəzər Universitetinin koordinator olduğu və Naxçıvan Dövlət Universitetinin də tərəfdaş kimi iştirak etdiyi "Avropa Birliyi araşdırmaları sahəsində tədris planlarının işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi" adlı layihəsi çərçivəsində Avropa Birliyi Araşdırmaları Mərkəzinin açılışı olub. Qeyd edək ki, layihənin 3 illik fəaliyyəti dövründə Naxçıvan Dövlət Universitetinin tədris şöbəsinin əməkdaşları və uyğun kafedraların müəllimlərinin İtaliyanın Genovo, Polşanın Lodz, Portuqaliyanın Lusofona və Niderland Krallılığının Leiden Universitetinə səfərləri təşkil edilmiş, təcrübə mübadiləsi əsasında tədris planlarının hazırlanması, online mühazirələrin təşkili, birgə dərs vəsaitlərinin hazırlanması və qarşılıqlı mübadilə həyata keçirilmişdir. Mərkəzin fəaliyyətə başlamasında əsas məqsəd müasir Avropa təhsil təcrübəsini universitetdə tətbiq etməkdir.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək vurğulayıb ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və Avropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Avropa təhsil prosesini özündə əks etdirən Tempus proqramının da mühüm əhəmiyyəti var. Tempus tərəfdaş ölkələrdəki təhsil müəssisələrinin Avropadakı universitetlərlə əməkdaşlığını nəzərdə tutur. Bu əməkdaşlıq, təhsildə Avropa standartlarına dair təcrübənin bölüşməsi, bazar iqtisadiyyatına uyğun təhsil gündəliklərinin və proqramların diqqətlə müzakirə olunması, müasir ədəbiyyatın təminatı, tədrisin səviyyəsinin artırılması üçün məşğələlər, tələbələrin xaricdə təhsil alması, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyalarının tətbiqinə xidmət edir. Rektor, rəhbərlik etdiyi ali təhsil ocağının TEMPUS proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 7 layihənin iştirakçısı olması, Türkiyə universitetlərilə qarşılıqlı müəllim və tələbə mübadiləsini nəzərdə tutan “Mövlana” Mübadilə Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, “Erasmus Mundus”, “Erasmus-Humeyra” proqramları təhsilin və tədrisin müasir tələblər səviyyəsində qurulmasına xidmət edir. Rektor, bu istiqamətdə iki yeni layihənin gerçəkləşdirildiyini və yaxın gələcəkdə digər yeni layihələrin reallaşdırılmasının da nəzərdə tutulduğunu bildirib.

Layihənin Xəzər Universiteti üzrə koordinatoru Baba Bayramlı çıxışında layihə çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına məlumat verib. Azərbaycanın tərəfdaş universitetlərində Avropaşünaslıq proqramı üzrə kurikulumları nəzərdən keçirərəkən gəldikləri nəticələr barədə məlumat verib.

Universitetin tədris işləri üzrə prorektoru, Avropa Birliyi araşdırmaları sahəsində tədris planlarının işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi" adlı layihəsinin NDU üzrə koordinatoru filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid  ötən müddət ərzində görülən işlərdən danışıb. Qeyd olunub ki, layihə çərçivəsində edilən səfərlər, aparılan qarşılıqlı işbirliyi və təcrübə mübadiləsi universitetdə tədrisin və təhsilin inkişafına geniş imkanlar açıb. Belə ki, tədris planları Avropa Kredit Transfer sisteminə uyğunlaşdırılıb, “Avropaşünaslıq” fənni seşmə fənn kimi Beynəlxalq münasibətlər ixtisasının tədris plana əlavə olunub və fənnin yüksək səviyyədə tədrisi üçün proqram və dərs vəsaiti hazırlanıb.  Layihənin gələcək fəaliyyət istiqaməti universitet tələbələrinin Avropanın 4 universitetində 1 aylıq təlim kurslarını təşkil etməkdir.

NDU-da "Tempus" layihəsi çərçivəsində açılışı keçirilən Avropa Birliyi Araşdırmaları Mərkəzi kompyuterlərlə və müasir texniki avadanlıqlarla təchiz olunub. Burada yüksək sürətli İnternet şəbəkəsi mövcuddur. Yaxın günlərdə Avropada nəşr olunmuş ən son dəsr vəsaitləri və proqramlarla təchiz olunacaq mərkəz universitetdə Azərbaycan və Avropa təhsil əlaqələrinin inkişafına öz töhvəsini verəcəkdir.