Sayt xəritəsi

XƏBƏRLƏR

TƏHSİLİN İNKİŞAFINA XİDMƏT EDƏN TARİXİ SƏRƏNCAM

28.09.2015

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tədbirlər planı hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi həmin Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Dövlət Universitetinin pedaqoji profilli hamiliyə götürülmüş ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirib.

Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasının bugünkü uğurlarından, aparılan təhsil islahatlarından, muxtar respublikada təhsilə göstərilən böyük diqqət və qayğıdan danışıb. Natiq öz çıxışında 27 iyul 2015-ci il tarixli sərəncamın Azərbaycan təhsil tarixindəki mühüm əhəmiyyətindən bəhs edərək,  sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirinin müavini Məmməd Qəribov bildirib ki, qeyd olunan sərəncam təhsil ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Bu gün muxtar respublikanın Təhsil Nazirliyi Sərəncamda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işləri davam etdirir. Yeni tədris ilində ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, Təhsil Nazirliyinə hamiliyə verilən ixtisaslar üzrə təhsil alan tələbələr ilə ardıcıl işlərin aparılması diqqət mərkəzindədir. Qeyd olunub ki, Təhsil Nazirliyində sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində işlər planlı şəkildə həyata keçirilir. Tədbirlər planı hazırlanıb. Tələbələrlə bu cür iclasların daimi keçirilməsi nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini bildirib ki, “tələbələrin gələcəyin müəllimi kimi formalaşmasında, ümumtəhsil məktəblərində yüksək intelektual səviyyəyə malik yüksək ixtisaslı məzunların işlə təmin olunmasında bu sərəncamın böyük əhəmiyyəti var və bu Muxtar Respublika Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun gənclərə göstərdiyi qayğının bariz numunəsidir”.

Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri üzrə şöbə müdiri Firudin Zamanov vurğulayıb ki, bu işlərin davamı kimi, müasir təhsil sistemində pedaqoji yeniliklərin, fənn kurikulumlarının və yeni təlim texnologiyalarının tətbiqi ilə aparılan tədris prosesinin üstünlüklərinin tələbələrə aşılanması təmin ediləcəkdir. Hamiliyə verilmiş tələbələrə pedaqoji təcrübə zamanı məktəblilərə müasir yanaşma formaları, müəllim-şagird-valideyn əlaqələrinin yaradılması, şagirdlərlə psixoloji işin aparılması yolları, ümumilikdə, təhsil sahəsində mövcud olan bütün yeniliklərin çatdırılması həyata keçirilir.

Tələbələrlə görüş zamanı yeni təlim metodu olan kurikuluma aid metodiki vəsaitlər, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəbləri haqqında yazılı məlumatlar tələbələrə paylanılıb.

Görüşdə, tələbələri maraqlandıran suallar cavablandırılıb.