Sayt xəritəsi

XƏBƏRLƏR

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR

28.09.2015

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev universitetinin “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlər”  mövzusunda 199-cu məşğələsi keçirilib.

Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ulu öndərin hakimiyyətə qayıdışından əvvəl ölkəmizin üzləşdiyi acınacaqlı vəziyyətdən və dahi rəhbərin hakimiyyətə gəlişindən sonra üzərinə götürdüyü xilaskar missiyasının öhdəsindən böyük məharətlə gəlməsindən söz açıb. Rektor bildirib ki, dövlət və xalq qarşısındakı əvəzsiz xidmətləri ümummilli lider Heydər Əliyevin şərəfli ömrünü tariximizin şanlı səhifəsinə çevirib, ona əbədiyaşarlıq hüququ qazandırıb. Görkəmli dövlət xadimi Heydər Əliyev milli dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Dahi şəxsiyyət deyirdi ki, milli dəyərləri qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır. Saleh Məhərrəmov, dövlətimiz tərəfindən hər zaman milli-mənəvi dəyərlərimizə yüksək qayğı və diqqət göstərildiyini nəzərə çatdırıb.

Universitetin “Fənlərin tədrisi, metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri, professor Elbəyi Maqsudov “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı məruzəsinə dahi rəhbərin dəyərləri fikirləri başlayıb: - “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıblar və bunlar indi bizim mənəviyyatımızı təşkil edən amillərdəndir”. Natiq məruzəsində ümummilli lider Heydər Əliyevin milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həmçinin dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirdiyini söyləyib. Azərbaycanda 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi çətinliklərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə səy göstərmiş, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağa çalışmışdır. Bildirilib ki, dahi rəhbər xalqın milli heysiyyətini gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Dahi rəhbər 1993-cü ildə Azərbaycana ikinci dəfə hakimiyyətə gəlişi də ulu öndər Heydər Əliyevin ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlərlə sübut etmişdir. Professor vurğulayıb ki, bütün görülən işlərlə yanaşı,müdrik rəhbərimiz Heydər Əliyevin böyük qayğı və diqqəti nəticəsində 2000-ci ildə “Kitabi–Dədə Qorqud”un 1300 illik yubileyinin UNESKO xətti ilə beynəlxalq miqyasda təntənəli qeyd edilməsi də Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə olan hörmət və ehtiramının növbəti parlaq təcəssümü idi. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik kursunun, strateji inkişaf konsepsiyasının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə olan qayğıkeş münasibəti bu gün eyni ənənəni yaşadır. Bu baxımdan, ölkə Prezidenti İlham Əliyevin xalqımızın mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” bu il fevral ayının 20-də imzaladığı Sərəncam da diqqəti xüsusi cəlb edir. Natiq məruzəsinin sonunda qeyd edib ki, ulu öndərin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev milli dövlətçiliyimizin, onun ərazi bütövlüyünün qorunması ilə yanaşı, həm maddi sərvətlərimizin, həm də milli mənəvi dəyərlərimizin qorunmasına sədaqətlə xidmət edir.