Sayt xəritəsi

XƏBƏRLƏR

PEDAQOJİ TƏCRÜBƏNİN BAŞLANĞIC KONFRANSI

29.09.2015

Naxçıvan Dövlət Universitetində 2015-2016-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Universitet kollektivinin, təhsil nazirliyinin əməkdaşlarının, təcrübəçi tələbələrin iştirak etdiyi konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq vurğulayıb ki, pedaqoji təcrübənin tələbələrin ali təhsil zamanı aldıqları nəzəri bilikləri sınaqdan çıxarmaları, pedaqoji mühitə alışmaları, müəllimlik sənətinin sirlərinə daha dərindən yiyələnmələri, ümumtəhsil məktəbləri ilə əməkdaşlığı möhkəmlətmək, yüksək intellektli müəllim, mütəxəssisi hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor, pedaqoji təcrübə zamanı davamiyyət və nizam-intizamın, məsuliyyətin vacib amil olmasından bəhs edib, dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçirilməsi, tərbiyəvi tədbirlərin təşkili ilə bağlı tövsiyələrini çatdırıb.     Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bildirib ki, cari semester ərzində universitetin 6 fakültəsinin pedaqoji profilli 16 ixtisası üzrə 365 nəfər  III - IV kurs tələbəsi muxtar respublikanın 17 tam orta məktəbində, o cümlədən Babək rayonunun Şıxmahmud və Kərimbəyli kəndlərindəki tam orta məktəblərdə təcrübədə olacaq. Rafiq Rəhimov sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması, qiymətləndirmə sistemi, açıq dərslərin, kütləvi tədbirlərin təşkili barədə məlumat verib, təcrübəçi tələbələrin, metodistlərin, məktəb müdiriyyətinin üzərinə düşən vəzifələrdən danışıb.

Konfransda Fənlərin tədrisi və metodikası və texnologiya müəllimliyi kafedrasının baş müəllimi Rövşən Bağırov “Metodistlərin təcrübə dövründə yerinə yetirəcəyi işlər”, Pedaqogika və psixologiya kafedrasının əməkdaşı, psixologiya üzrə fəlsəfə doktoru Sevinc Orucova “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər” barədə məruzələr ediblər.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev konfransa yekun vuraraq vurğulayıb ki, muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısı öz bəhrəsini verməkdədir. Bunu son onilliyin statistik göstəriciləri də təsdiq edir. Belə ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin məzunlarından ali məktəblərə yüksək balla qəbul olanların sayı 2004-2005-ci illərdə   87 nəfər idisə, 2014-2015-ci illərdə bu rəqəm 313-ə çatıb. Fərəhləndirici haldır ki, onlardan 144 nəfəri ali təhsil almaq üçün məhz Naxçıvan Dövlət Universitetini seçib. Bu il tələbə adı qazanıb muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alacaq 8 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Muxtar respublikanın tam orta məktəblərində təcrübəçi tələbələrin pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərini yaxşı mənimsəmələri üçün hər cür şərait yaradılıb.                                    

Konfransda ötən tədris ilindəki pedaqoji təcrübələri əks etdirən slaydlar nümayiş olunub.