Sayt xəritəsi

XƏBƏRLƏR

HAMİLİYƏ VERİLMİŞ İXTİSASLARDA TƏHSİL ALAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞLƏR DAVAM ETDİRİLİR

30.09.2015

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planı hazırlanıb. Bununla əlaqədar olaraq nazirlik əməkdaşlarının ali təhsil müəssisəsinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrlə görüşü keçirilib.

Nazirliyin Turizm şöbəsinin müdiri Gülbuta Babayeva öz çıxışında  sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Qeyd olunub ki, tələbələrlə bu cür iclasların daimi keçirilməsi nəzərdə tutulub. Şöbə müdirinin sözlərinə görə, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi hazırlıqlı, bilikli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır. Natiq həmçinin Muxtar Respublikanın turizm potensialı haqqında da tələbələrə məlumat verərək, neçə-neçə maddi-mədəniyyət nümunələrinin diyarı- Naxçıvanın turizm baxımından cəlbedici region olduğunu bildirib.Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqedə yerləşməsi, Türkiyə və İranla həmsərhəd olması da turizmin inkişafına şərait yaradan amillərdəndir.

Tədbirdə çıxış edən universitetin  Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qərib Allahverdiyev, Bələdiyyə və turizm kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hafiz Hüseynov bu Sərəncamın çox böyük tarixi əhəmiyyəti olduğunu bildiriblər.

Görüş zamanı muxtar respublikada turizmin inkişafı ilə bağlı slaydlar nümayiş etdirilib, turizm haqqında tələbələrin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.