Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 1 OKTYABR BEYNƏLXALQ AHILLAR GÜNÜ İLƏ ƏLAQƏDAR ALİ TƏHSİL OCAĞININ QOCAMAN MÜƏLLİMLƏRİ İLƏ GÖRÜŞ OLUB.

01.10.2015

Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Beynəlxalq Ahıllar gününün ölkəmizdə 1993-cü ildən qeyd olunduğunu nəzərə çatdıran rektor vurğulayıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Rektor rəhbərlik etdiyi ali təhsil ocağında da, qocaman, ahıl müəllimlərin çalışdığını, elmin məsuliyyətli və çətin yollarında bələdçimiz olan həmin müəllimlərin əməyinin unudulmaz olduğunu bildirib. “Ömrünü gənc nəslin təlim-tərbiyəsi yolunda şam kimi əridərək ahıllaşan, müdrikləşən müəllimlərin bilik və təcrübəsi tükənməz mənəvi xəzinə, böyük məktəbdir”-deyən rektor, bu gün münasibətilə universitetdə dərs deyən qocaman müəllimləri, həmçinin digər texniki vəzifələrdə çalışan ahılları təbrik edib.

Azərbaycan Respublikasının Əməkdar müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zərifə Nəcəfova, ümumi təbabət kafedrasının müdiri, dosent Malikəjdər İbrahimov çıxışlarında dövlət tərəfindən onlara göstərilən yüksək qayğıya görə, onların əməyinin qiymətləndirilməsi və bu cür görüşlərin təşkili üçün minnətdarlıq ediblər.

Tədbir süfrə arxasında davam etdirilib.