Sayt xəritəsi

XƏBƏRLƏR

TƏHSİL NAZİRİ HAMİLİYƏ VERİLMİŞ İXTİSASLARDA TƏHSİL ALAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

01.10.2015

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tədbirlər planı hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil naziri Piri Nağıyev və nazirliyin əməkdaşları həmin Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Dövlət Universitetinin pedaqoji profilli hamiliyə götürülmüş ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirib.

Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti tarixi inkişaf yolu keçən, çoxillik ənənənlərə söykənən, yüksək ixtisaslı mütəxəsisslər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. Rektor, 27 iyul 2015-ci il tarixli Sərəncamın təhsil tarixindəki mühüm əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək vurğulayıb ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların yüksək maddi-texniki baza və ən müasir informasiya kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir. Nazir, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın çox böyük tarixi əhəmiyyəti olduğunu bildirib. Nazir, Sərəncamın ali və orta ixtisas təhsili müəssisələri, nazirliklər, komitələrlə belə əlaqəli tədbirlər, bilik və təcrübə mübadiləsi, mövcud problemlərin aradan qaldırılması, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından,həmçinin tədrisin və təhsilin daha da yüksək səviyyədə qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələrinin ilbəil yaxşılaşdığını vurğulayan təhsil naziri qeyd edib ki, 2014-cü ildə 117 ümumtəhsil məktəbinin məzunları qəbul imtahanlarında yüksək nəticələr göstərmişdisə, 2015-ci ildə belə məktəblərin sayı 129-a çatıb. Piri Nağıyev de vurğulayıb ki, məzunlar ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük veriblər. 2015-ci ildə 1137 nəfər, yaxud qəbul olanların 72 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər. Nazir bir faktı da diqqətə çatdırıb ki, bu il yüksək balla ali məktəbə qəbul olaraq, Prezident təqaüdünə layiq görülən 8 nəfər tələbənin 4-ü Naxçıvan Dövlət Universitetinin tələbəsidir.

Tədbirdə, muxtar respublikada müəllim əməyinin qiymətləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdıran Piri Nağıyev vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” 2015-ci il 22 iyun tarixli Sərəncamı müəllim əməyinə, ümumilikdə, təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Sonda Nazir tələbə-gənclərə vətənpərvər, dövlətçiliyə və xalqa sədaqətli gənc nəsil kimi yetişmələrin arzulayaraq onlara, bu yolda uğurlar diləyib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirinin müavini Məmməd Qəribov bildirib ki, Təhsil Nazirliyinin əməkdaşları Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı, dəfələrlə Naxçıvan Dövlət Universitetində olaraq tələbələrlə görüşüb və onlarla söhbətlər aparıb, yeni təlim metodu olan kurikuluma aid metodiki vəsaitlər, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəbləri haqqında yazılı məlumatlar tələbələrə paylanılıb.

Qeyd edək ki, bu dəfə də tələbələrlə görüş zamanı onlara, ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin tətbiqi adlı metodik vəsait paylanılıb.