Sayt xəritəsi

XƏBƏRLƏR

SİYASƏTŞÜNASLIQ ELMİNƏ QİYMƏTLİ TÖHFƏ

01.10.2015

   
Naxçıvan Dövlət Universitetində Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun «Asiya ölkələri beynəlxalq münasibətlər sistemində» adlı kitabının təqdimat mərasimi keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq yeni nəşrin Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyətindən bəhs edən, bunu beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olan Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələri kontekstində təqdim edən faydalı dərslik olduğunu vurğulayıb. Kitab Naxçıvan Dövlət Universitetində də tədris olunan müvafiq ixtisasın müəllim və tələbələri, tədqiqatçılar, siyasi xadimlər üçün sanballı elmi mənbə, stolüstü kitab rolunu oynayacaq. Kitabın böyük elmi maraq doğurması, rus dilinə tərcümə və nəşri bunu bir daha təsdiq edir.                             

Universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə üzrə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov dərsliyi ətraflı təhlil edərək qeyd edib ki, dünya siyasətində Asiya ölkələrinin çəkisinə və roluna artan maraq çərçivəsində bu ölkələrin geostrtateji və geosiyasi araşdırılması baxımından boşluq mövcuddur. Bu boşluğu aradan qaldırmağa xidmət edən sanballı elmi-tədqiqat əsəridir. 6 fəsildən, 27 yarımfəsildən ibarət kitabda Asiya ölkələrinin  dünya dövlətləri ilə siyasi-diplomatik münasibətləri, iqtisadiyyat, elm, təhsil, səhiyyə kimi çoxçəhətli əməkdaşlıqları araşdırılmış, bu dövlətlərin tarixi keşmişi, bügünkü sosial-iqtisadi vəziyyəti, siyasi strtategiyaları haqqında əhatəli məlumat verilmışdir. Kitab bütövlükdə Xəzər hövzəsi ölkələri, o cümlədən Azərbaycan ilə əməkdaşlığa xüsusi əhəmiyyət verən Çin Xalq Respublikası, dünya siyasətinin cazibə qüvvəsi hesab olunan Yaponiya, texnologiyalar ölkəsi Koreya Respublikası, müstəqil dövlət kimi geniş iqtisadi islahatlar aparmaqla inkişafın ən yüksək səviyyəsini təşkil edən Sinqapur, Cənub-Şərqi Asiyanın, eləcə də Sakit Okean hövzəsini ən böyük müsəlman dövlətlərindən olan Malaziya, son dövrlərdə xarici siyasətində Qərb dövlətlərinə meyil edən Vyetnam Sosialist Respublikası haqqında zəngin, dərin məzmunlu bilik verir.    

Müəllif gərgin elmi axtarışların, tədqiqatların nəticəsində bu mühüm elmi qənaətə gəlir ki, Asiya beynəlxalq münasibətlərin tənzimlənməsində aparıcı qüvvə, dünya siyasətinin əsas mərkəzlərindən biri, böyük iqtisadi fırtınalar məkanı, elm, təhsil, texnologiyanın tərəqqisi ilə fərqlənən bir qitədir. Böyük siyasi uzaqgörənlik və analitik-siyasi təfəkkürün məhsulu olan əsərdə Asiya ölkələrinin gələcək müqəddaratı barədə də maraqlı siyasi proqnozlar verilir. Kitab Azərbaycan Respublikasının Şərq və Qərb arasında “qızıl körpü” rolu oynaması elmi qənaəti, Asiya qitəsi ölkələrinin beynəlxalq münasibətlər sistemindəki özünəməxsus yerinin müəyyənləşdirilməsi baxımından siyasətşünaslıq elminə qiymətli töhfə hesab oluna bilər.                     

Təqdimat mərasimində Beynəlxalq münasibətlər kafedrasının dosentləri, tarix üzrə fəlsəfə doktorları Şamxal Məmmədov və Emin Şıxəliyev çıxış edərək çoxsaylı yerli və xarici elmi, elmi-kütləvi mənbələrə əsaslanaraq yazılan yeni dərsliyin elmi məziyyətlərindən danışıblar. Qeyd olunub ki, kitabda geosiyasi əhəmiyyətinə görə müasir dünya siyasətinin diqqət mərkəzində dayanan Asiya qitəsinin beynəlxalq siyasi arenadakı çəkisindən, ayrı-ayrı Asiya ölkələrinin müasir inkişaf modelindən bəhs olunur. Dərslikdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın yürütdüyü diplomatik siyasət, Asiya ölkələri ilə qarşılıqlı və çoxşaxəli əlaqələri, bu əməkdaşlığın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlı dəyərli məlumatlar öz əksini tapıb. Çıxışçılar müəllifi bu əhəmiyyətli elmi nəşr üçün təbrik edib, yeni-yeni uğurlar arzu ediblər.                                 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rza Talıbov tədbirin təşkilatçılarına minnətdarlıq edib, müasir dünyada baş verən siyasi proseslərdə Asiyanın müstəsna yerinin olduğunu diqqətə çatdırıb. Müəllif bildirib ki, belə bir dərsliyə olan zəruri elmi təlabatdan sonra gələcəkdə Aiya ölkələrinin hər birinin ayrı-ayrılıqda müasir dünya siyasətindəki mövqeyi haqqında yeni elmi nəşrlər üzərində işləməyi düşünür.                                 

Sonda rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali məktəb kollektivi adından müəllifi təbrik edərək gələcək elmi-pedaqoji fəaliyyətində ona uğurlar arzulayıb. universitetin müəllim və tələbələrinə yeni  dərsliklər hədiyyə edilib.