Sayt xəritəsi

XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV VƏ İSLAM MƏDƏNİYYƏTİ

27.02.2017

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Heydər Əliyev və İslam mədəniyyəti” mövzusunda 211-ci məşğələsi keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq bildirib ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir.  Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilib.1993-cü ildə ümummilli liderimizin «Allahın yolunda hamımız hür olaq» adlı kitabı Azərbaycan və bir neçə xarici dildə, o cümlədən ərəb dilində nəşr olunub.1994-cü ilin iyul ayında müqəddəs «Məkkə və Mədinə»yə ümrə səfərinin yekunları bunu bir daha əməli surətdə təsdiq edib. 1996 və 1997-ci illərdə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunununa əlavə və dəyişikliklərin edilməsi ilə isə dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyulub, dövlətin din sahəsinə və dindarlara qayğısı artıb. Bu ənənə bugün də ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Universitetin “Şərq dilləri və ədəbiyyatı” kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxışında vurğulayıb ki, Azərbaycanda olduğu kimi, muxtar respublikada da dini tolerantlıq mövcuddur.2014-cü il avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Muxtar Respublikada dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsi məqsədilə multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Qeyri-İslami icmalar olmayan muxtar respublikada  radikal və dini nifrət yayan cərəyanlara, qondarma dini təriqətlərə, zərərli dini ideyalara qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparılır.