Sayt xəritəsi

XƏBƏRLƏR

BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD OLUNDU

06.03.2017

Naxçıvan Dövlət Universitetində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş mərasim keçirilib.

Əvvəlcə bayram münasibətilə təşkil olunmuş sərgiyə baxış olub.

Tədbirdə giriş nitqi ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetin qadın əməkdaşlarını və tələbələri bayram münasibətilə təbrik edib, bu günün tarixindən söz açıb.

Bildirilib ki, 1857-ci ildə Nyu Yorkda qadınların 12 saatlıq iş rejiminə etirazı ilə tarixə düşən həmin gün, bu gün Azərbaycanda da geniş qeyd olunur. Rektor vurğulayıb ki,  Azərbaycan qadınının bütün dövrlərdə, bütün cəmiyyətlərdə gözəl örnəkləri olub. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlarımız müdrikliyi, işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı, məhz anaların müdrikliyi sayəsində mürəkkəb dövrlərə qalib gəlib. Hazırda Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşıb, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb. Dövlət Qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır.

“Kitabxanaçılıq” kafedrasının  dosenti, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Nemətova “Qadın: Zərifliyin, ülviliyin, gözəlliyin rəmzi” adlı məruzəsində qadının, ananın cəmiyyətdəki  əvəzolunmaz  yerindən, rolundan, bəşəriyyətin inkişafındakı sonsuz xidmətlərindən danışıb. Tədbir İncəsənət fakültəsinin tələbələrinin ifalarından ibarət konsert proqramı, eləcə də  “Karvan” Şən və Hazırcavablar Klubunun hazırladığı yumoristik səhnəciklərlə yekunlaşıb.