Sayt xəritəsi

XƏBƏRLƏR

HİNDİSTAN RESPUBLİKASININ SƏFİRİ UNİVERSİTETDƏ

06.03.2017

Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq 50 illik tarixə malik universitetin təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısından bəhrələndiyini bildirib.

Universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə tanışlıq zamanı Hindistanlı diplomata müasir elektron təhsil şəbəkəsinin idarə olunması, elektron sənəd dövriyyəsinin təşkili, universitetin bütün binalarının şəbəkə fiber optik kabellə birləşdirilməsi, kamera-nəzarət sistemi, 108 hektarlıq kampusu əhatə edən “Wi-Fi” simsiz internet şəbəkəsi barədə məlumat verilib. Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, Universitet Televiziyasında videodərslərin “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi, “Nuhçıxan” radiosunun fəaliyyəti maraqla qarşılanıb.

Görüş zamanı rektor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov universitetin müasir informasiya texnologiyaları ilə zəngin olan maddi-texniki bazası, professor-müəllim heyəti, mövcud fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, dünyanın 80-dən çox tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malik olan universiet TEMPUS proqramı çərçivəsində 6 beynəlxalq layihənin iştirakçısıdır. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Polşa, Rumınya, İspaniya, İtaliya, Çexiya kimi Avropa ölkələrində davam etdirirlər. Naxçıvan Dövlət Universitetində hazırda 250-yə yaxın xarici ölkə vətəndaşı təhsil alır. Universitet əməkdaşları “Erasmus +” proqramı çərçivəsində İngiltərə, Almaniya, Avstriyada təcrübə qazanıblar.

Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Hindistan universitetlərinin Azərbaycanın bir sıra ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığından danışıb, Naxçıvan Dövlət Universiteti ilə virtual əlaqələrin inkişafı, müştərək elmi tədqiqat işlərinin aparılması, tibb, memarlıq və mühəndislik ixtisaslarının tədrisi, informasiya kommunikasiya texnologiyalarından istifadə sahəsində əlaqələrin perspektivlərindən bəhs edib. Görüşdə səfirin  xarici ölkə vətəndaşlarının universitetdə təhsil almaq imkanları, bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsilin səviyyəsi ilə bağlı sualları cavablandırılıb.

Səfər universitetin Elmi kitabxanası ilə tanışlıqla yekunlaşıb. Burada qonağa kitabxananın 160000-dən yuxarı fonda malik olması, 45000-ə yaxın çap məhsulunu əhatə edən elektron kataloq-kartoteka sistemi, elektron kataloq köşkü və İnternet mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilib.