Sayt xəritəsi

XƏBƏRLƏR

MOLLA PƏNAH VAQİF - 300

08.03.2017

Naxçıvan Dövlət Universitetində “Molla Pənah Vaqif -300: Azərbaycançılıq məfkurəsi. Poetik ənənə” mövzusunda elmi konfrans keçirilib.                        

Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq Molla Pənah Vaqifin ədəbi irsindən danışıb. Bildirilib ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin 12 yanvar 2017-ci il tarixdə imzaladığı “Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam böyük şairin şəxsiyyətinə göstərilən ehtiramdır.

Filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov “XIX əsr Ordubad ədəbi mühitində Molla Pənah Vaqif ənənələri” adlı məruzəsində XIX əsrin ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr olduğunu qeyd edib, həmin dövrdə Bakıda yaradılmış bir sıra ədəbi məclislərin, Ordubadda isə “Əncüməni-şüəra”nın fəaliyyətindən bəhs edib. Vurğulanıb ki, Ordubadda yaradılmış ədəbi məclisin 25-ə yaxın üzvü olub və onların bir qismi Sədi, Hafiz, Xəyyam, Nizami, Füzuli kimi klassik Şərq şairlərinin mütərəqqi ənənələrini davam və inkişaf etdirir, ikinci bir qismi isə M.P.Vaqif, Heyran xanım, Q.Zakir, Bakıxanov,Qüdsi və başqa realist sənətkarların ədəbi irsindən bəhrələnərək zamanın tələbindən doğan aktual mövzulara müraciət ediblər.

Filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova “Molla Pənah Vaqifin dil-üslub xüsusiyyətləri” adlı məruzəsində Vaqifin heca vəznində yazdığı şeirlərdə xalq dilinin zəngin xəzinəsindən sənətkarlıqla istifadə etdiyini, onu ədəbi-bədii dil səviyyəsinə qaldırdığını bildirib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərova “Molla Pənah Vaqifin poetikasında bəzi linqvistik xüsusiyyətləri”  adlı məruzəsində Vaqif poeziyasını tarixə, köklərə, mənəvi dəyərlərə bağlı, xalq ruhunu ifadə edən, eləcə də Azərbaycan dilini yad təsirlərdən qorumaqla həyata vəsiqə qazanmış ədəbiyyat incisi kimi səciyyələndirib.

“Azərbaycan ədəbi dilinin zənginləşməsi və saflaşmasında Molla Pənah Vaqif lirikasının rolu” adlı məruzə ilə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Mədət Səfərov Vaqif lirikasının əsas mövzu və ideya istiqamətlərindən, onun Azərbaycan şeir tarixinin inkişafındakı xidmətlərindən danışıb.

Tədbirin bədii hissəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə I kurs tələbələri Molla Pənah Vaqifin “Görmədim”, “Hayıf ki, yoxdur”, “Bax”, “Qurban olduğum”, “Bəri bax”, “Düşərmi”  şeirlərini qiraət ediblər.