Sayt xəritəsi

XƏBƏRLƏR

UNİVERSİTETDƏ NOVRUZ ŞƏNLİYİ KEÇİRİLİB

16.03.2017

Naxçıvan  Dövlət  Universitetində  ənənəvi ümumuniversitet Novruz şənliyi keçirilib.

Çoxsaylı müəllim və tələbələrin dövrə vurduğu bayram tonqalı yandırılıb. Sonra tələbələr yallı gediblər. Universitet rəhbərliyi İncəsənət fakültəsinin tələbələrinin rəsm əsərlərindən və əl işlərindən ibarət bayram sərgisinə baxıb.

Tədbir bayram konserti ilə davam edib. Əvvəlcə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək kollektivi əziz bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, çoxəsrlik tarixə malik, xalqımızın günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi Novruz  bayramı özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, təbiətin füsunkar gözəlliklərini, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz bayramının mənşəyi, astroloji mənası, bütün türk xalqlarının ümumi bayramı olması ilə bağlı ətraflı məlumat verən rektor bildirib ki, sovet imperiyası zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında qorunub saxlanılmış, müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq  Novruz  Günü" elan edilib. Naxçıvan Muxtar Respublikasında bu milli bayram xüsusi təntənə ilə, milli tətbiqi sənəti və xalq yaradıcılığını inkişaf etdirməklə paralel qeyd olunmaqdadır.

Bayram konsertində Novruz adət-ənənələri haqqında geniş məlumat verilib, İncəsənət fakültəsinin tələbələrinin ifasında Novruza, bahara aid bayram əhval-ruhiyyəli mahnılar səslənib.