Sayt xəritəsi

XƏBƏRLƏR

ŞƏHİDLİK ZİRVƏSİ

11.04.2017

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində aprel döyüşlərinin ildönümnə həsr olunmuş “Torpaq uğrunda ölən varsa, Vətəndir” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Aprel döyüşlərində canlarından keçən naxçıvanlı şəhidlərin ailə üzvləri də iştirak ediblər. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək vurğulayıb ki, aprel hadisələri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun qüdrətini, xalqın vətənpərvərlik ruhunu, iradə və əzmini bir daha təsdiqləyib. Rektor işğal olunmuş ərazilərimizin bir qisminin azad edilməsi ilə nəticələnən, xalqımızda qələbə əzmi yaradan bu döyüşlər zamanı şəhid olanların ailələrinə başsağlığı verib, onların xatirəsinin əbədi yaşayacağını söyləyib.

Tədbirdə Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov “Torpaq uğrunda ölən varsa, Vətəndir” adlı məruzəsində bildirib ki,  2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin aramsız hücumu ilə başlayan dördgünlük müharibə  zamanı Azərbaycan Silahlı Qüvvələri bir sıra əraziləri azad etməklə Ağdərə-Madagiz istiqamətindəki yolların  nəzarətdə saxlanılmasını təmin ediblər. Düşmən 320 nəfər canlı itki verib, çoxlu sayda zirehli texnikası sıradan çıxarılıb.

Memarlıq kafedrasının müdiri, dosent Gülnarə Qənbərova “Şəhidlərin döyüş yolu gənclər üçün örnəkdir” mövzulu məruzəsində vurğulayıb ki, aprel şəhidlərinin döyüş qəhrəmanlıqları dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rasim Məmmədov  ölümündən sonra "Qüsursuz xidmətə görə" II dərəcəli medalı, baş leytenant Toğrul  Məmmədov və leytenant.Qabil Orucəliyev isə ölümlərindən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunublar.

Tədbirdə şəhidlərin ailə üzvlərinin və tələbələrin ifasında vətənpərvərlik ruhunda, şəhidlərə ithaf olunmuş şeirlər və mahnı səsləndirilib. Naxçıvan Dövlət Universitetinin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Cavid İsmayılovun şəhidlərin xatirəsinə həsr etdiyi rəsm əsərləri onların ailə üzvlərinə təqdim olunub.